Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ ərazisində düşmənin müqavimətini qırmaqda davam edirlər. Bir neçə gün ərzində Respublikamızın ərazisinə soxulmuş erməni müxalifətçilərinin əsas atəş nöqtələri dağıdılmış, illərdən bəri düşmən tapdağı altında qalan kəndlərimizin xeylisi azad edilmişdir.
Əsgəran istiqamətində gedən döyüşlərdə üstünlük yenə də əvvəlki kimi Milli Ordunun tərəfində qalır. Düşmənin bütün cəhdləri ram edilir.
Bu gün Ağdam ərazisində nisbi sakitlik olmuşdur. Naxçıvanik kəndi ermənilər tərəfdən atəşə tutulur. Döyüşçülərimiz cavab atəşləri ilə erməni yaraqlılarını susdururlar.
İyunun 18-nə keçən gecə Füzuli şəhəri Ağbulaq kəndi səmtindən “Qrad” və “Alazan” tipli raketlərdən atəşə məruz qalmışdır. Milli Ordunun Füzuli ərazi-müdafiə bölmələri cavab atəşi ilə düşməni susdurmuş, ermənilərə məxsus 1 “Qrad” tipli raket qurğusu və 8 nəfər erməni yaraqlısı məhv etmişlər.
Bu gün Azərbaycan Silahlı Qüvvələri Tərtər bölmələrinin keçirdikləri döyüş əməliyyatları daha uğurlu olmuşdur. Ağdərə rayonunun Leninavan, Marquşavan, Marağa, Yuxarı və Aşağı Çaylı, Həsənqaya kəndləri erməni silahlı birləşmələrindən tamamilə azad edilmişdir. Döyüş əməliyyatları Ağdərə rayonu yaxınlığında davam edir.
Goranboy istiqamətində də Milli Ordu əsgərləri uğurlu döyüşləri davam etdirirlər. Düşmənlərdən təmizlənmiş kəndlərdə müdafiə mövqeləri möhkəmləndirilir.
Sərhəd bölgələrində gərginlik qalmaqda davam edir.
İyunun 18-nə keçən gecə Zəngilanın Ağbənd kəndi Mehri istiqamətindən, Seyidlər və Qazançı kəndləri isə Qafan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalmışdır. Düşmən cavab atəşi ilə susdurulmuşdur. Milli Ordunun ərazi-müdafiə qüvvələri düşməni susmağa məcbur etmişlər.
Qubadlı-Laçın bölgələrində döyüşçülərimiz torpaqlarımızın müdafiəsində mərdliklə dayanmışlar. Laçın rayonunun kəndlərinin düşmənlərdən təmizlənməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası ilə rabitə əlaqəsi olmadığına görə bu gün ordan məlumat ala bilməmişik.
İyunun 18-də gündüz Qazax, Gədəbəy, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində nisbi sakitlik olmuşdur.