Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Ağdam


İyunun 17-nə keçən gecə ermənilər Naxçıvanik, Pircamal, Abdal-Gülablı kəndlərinə hücum ediblər. Lakin Azərbaycan Ordusunun Ağdam bölmələri düşmənin hücumunun qarşısını alıblar. Ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur olmuşlar. Əlacı hər yerdən kəsilən düşmən quldurcasına Ağdam şəhərini Xocalı istiqamətindən “Qrad” tipli raketlərdən, toplardan, tanklardan güclü atəşə tutub. Şəhərə 60-a qədər mərmi düşüb, 4 nəfər şəhid olub. Onlardan biri uşaqdır.


Tovuz


İyunun 17-nə keçən gecə rayonun Əlikbəyli kəndi, Ağdam kəndləri və Tovuz şəhəri Ermənistan ərazisindən “Qrad” tipli qurğulardan, toplardan, tanklardan güclü atəşə tutulmuşdur. 3 nəfər şəhid olub. Onlardan 2-si kənd sakinidir. 10 nəfər yaralanıb.


Qazax


Sərhəd boyu ara-sıra atışmalar eşidilir. Ermənilərə layiqli cavablar verilir.


Qubadlı-Zəngilan


Zəngilanın Seyidlər, Qazançı, Ağkənd, Qubadlının Yuxarı Çibikli, Əyin kəndləri Ermənistanın Qafan və Gorus rayonları ərazisindən gün ərzində müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulur.


Kəlbəcər


İyunun 17-nə keçən gecə Ermənistanın silahlı qüvvələrinin bir dəstəsi rayonun Seyidlər kəndinin ərazisinə 1 km soxularaq ərazimizi toplardan atəşə tutur. Azərbaycanın dövlət sərhədi yenidən Ermənistan tərəfdən pozulur. 2 nəfər şəhid olub.


Gədəbəy


İyunun 17-nə keçən gecə saat 23:30-dan başlayaraq Başkənd istiqamətindən Tovuzun Göyəbaxan kəndi avtomatlardan və pulemyotlardan atəşə tutulmuşdur. Ermənilərin hücumu dəf olunub. Təlafat yoxdur.