Əsgəran və Ağdərə istiqamətində düşmənlərdən azad edilmiş kəndlər Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müdafiə olunur.
Döyüşçülərimiz düşmənin müqavimətini qırmaqda davam edirlər.
İyunun 17-nə keçən gecə erməni silahlı birləşmələri Naxçıvanik, Pircamal, Abdal və Gülablı kəndlərinə hücuma keçmişlər. Milli Ordunun Ağdam müdafiə bölmələri bu hücumun qarşısını almışdır. Düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur olmuşdur.
Dünən gecə Ağdam şəhəri Xocalıda yuva qurmuş ermənilər tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. Şəhərə 60-a yaxın mərmi düşüb. 4 nəfər müdafiəçimiz şəhid olmuşdur. Düşmənə güclü cavab atəşi açılaraq, susdurulmuşdur.
Goranboy əvvəlki mövqeini saxlamaqda davam edir. Düşmənlərdən təmizlənmiş kəndlərdə müdafiə mövqeləri möhkəmləndirilir, istehkamlar qurulur. Hazırda cəbhə xəttində nisbi sakitlikdir. Azərbaycan Silahlı Qüvvələrinin Tərtər bölmələri Ağdərə istiqamətində döyüşləri davam etdirir.
Bu gün saat 11-dən 13-dək Cəbrayıl rayonunun Qışlaq kəndi erməni yaraqlılarının cəmləşdiyi Sur kəndi səmtindən Piyadaların döyüş maşınlarından və iri çaplı pulemyotlardan atəşə tutulub. Milli Ordunun Cəbrayıl rayonundakı bölmələri cavab atəşi ilə düşməni susdurmağa nail olmuşlar.
İyunun 17-nə keçən gecə Ermənistanla sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalmışdır. Qərb cəbhəsində müharibənin ağırlığı tədricən Qazaxdan Tovuz və Gədəbəy bölgələrinə adlamışdır. Düşmənlər Tovuz şəhərini, Əlibəyli və Ağdam kəndlərini “Qrad” tipli qurğulardan, tanklardan və toplardan atəşə tutmuşlar. Döyüşlərdə müdafiəçilərimizdən 3 nəfər qəhrəmancasına şəhid olmuş, 10 nəfər yaralanmışdır. Düşmən cavab atəşləri ilə susdurulmuşdur.
Başkənd səmtində cəmləşən erməni silahlıları isə Tovuz rayonunun Göyəbaxan kəndini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Sonra həmin qüvvələr Gədəbəy rayonunun Saratovka kəndinə hücuma keçmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy bölmələri düşmənin hücumunu dəf etmişdir. Bu gün Tovuz, Gədəbəy və Qazax bölgələrində nisbi sakitlik olmuşdur.
Dünən gecə fasilələrlə Zəngilan rayonunun Seyidlər, Qazançı və Ağkənd; Qubadlı rayonunun Əyin və Yuxarı Çibikli kəndləri Ermənistanın Qafan-Gorus istiqamətlərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
İyunun 17-də saat 11-də erməni yaraqlıları Zəngilanın Vejnəli və Ağbənd kəndlərinə basqın etmişlər. Milli Ordunun döyüşçüləri düşmənin hücumunu dəf etmişdir. Geri çəkilməyə məcbur olan erməni yaraqlıları Azərbaycan Dəmir yolunun Zəngilan-Naxçıvan xəttini Mehri ərazisində partlatmışlar. Güman olunur ki, erməniləri buna sövq edən “Vesti” proqramının təxribat xarakteri daşıyan informasiyası olmuşdur. Həmin informasiyada deyilir ki, guya, Azərbaycan Silahlı Qüvvələri Zəngilan-Naxçıvan istiqamətində dəhliz açmağa hazırlaşır. Vaqif Cabbarovun komandanlıq etdiyi döyüşçülər və Biləsuvardan gələn dəstə Laçın rayonunun Malaxələf kəndinin düşmənlərdən azad edilməsində böyük fədakarlıq göstərmişlər. Onlar Laçın torpaqlarının düşmənlərdən tamamilə azad olunması uğrunda mübarizəni davam etdirirlər.
Aldığımız məlumata görə erməni quldurları dünən gecə Kəlbəcər bölgəsində Azərbaycan Respublikasının sərhədlərini pozaraq yaxın kəndlərə basqın etmişlər. Milli Ordunun ərazi-müdafiə qüvvələri düşmənin hücumlarını dəf edir.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ara-sıra avtomat və pulemyotlardan atəşə tutulur. Babək rayonunun Yuxarı Buzqov kəndində atışmalar ara vermişdir. Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan bölməsindən xəbər verirlər ki, işğal olunmuş Kərki, İtqıran, Almalı və Sultanbəy kəndlərinin düşmənlərdən azad edilməsi uğrunda döyüşlər davam edəcəkdir. Bu döyüşlərdə Milli Ordunun əsgəri Seyidov Əsgər Allahverdi oğlu qəhrəmancasına şəhid olmuşdur.
Qalan bölgələrdə nisbi sakitlikdir.