Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 15-dən 16-na keçən gecə və bu gün Respublikamızın sərhəd bölgələrində, Qarabağda cəbhədə vəziyyət gərgin olaraq qalmışdır.
Milli Ordunun döyüşçüləri bütün cəbhə boyu düşmənin hücumlarını mərdliklə dəf edirlər. Cəbhə xəttində döyüş üstünlükləri əvvəlki kimi Azərbaycan Silahlı Qüvvələrinin tərəfindədir.
Dünən axşam saat 17-dən bu gün səhərədək Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Quşçu Ayrım, Qızıl Hacılı, Alpout, Abbasbəyli, Böyük Cəfərli, Bala Cəfərli və Məzəm kəndləri Ermənistanın İcevan və Noyanberyan rayonları ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Erməni silahlı birləşmələrinin kifayət qədər həbi texnika və canlı qüvvə üstünlüyünə baxmayaraq, Milli Ordunun Qazax ərazi-müdafiə bölmələri düşmənin həmlələrini dəf etmişlər. Düşmən xeyli texnika və canlı qüvvə itkiləri verərək bir neçə kilometr geriyə qaçmağa məcbur olmuşdur. Döyüşçülərimiz öz mövqelərini möhkəmləndirməkdə davam edirlər.
Qarabağda yuva qurmuş mənfur düşmən qüvvələri iyunun 15-də axşamüstü saat 17-dən 19-dək Füzuli rayonunu toplardan atəşə tutublar. Döyüşçülərimiz düşmənin hücumlarını dəf etmiş, Köşbək kəndində ermənilərə məxsus 1 tankı vurub sıradan çıxarmışlar.
Aldığımız məlumata görə, Qubadlı və Laçın bölgələrində də düşmənə ağır zərbələr endirilir. Podpolkovnik Arif Paşayev və kapitan Adil Həşimovun birgə hazırladıqları əməliyyat planını səylə yerinə yetirən döyüşçülərimiz bu gün Laçın rayonunun Malaxələfli və Suarası kəndlərini tamamilə düşmənlərdən təmizləmişlər. Əsgərlərimizin şücaəti qarşısında tab gətirə bilməyən erməni quldurları döyüş yerlərində xeyli zirehli texnika və hərbi sursat qoyub qaçmışlar. Laçın bölgəsində döyüşlər davam edir.
Əvvəlki kimi, yenə də döyüşlərin getdiyi Ağdərə və Goranboy rayonları əməliyyatların keçirildiyi ən gərgin cəbhə olaraq qalır.
Milli Ordunun Goranboy bölmələri bu gün də uğurlu əməliyyatlar keçirərək, Gülüstan və Talış kəndlərini azad etmişlər. Döyüşlər davam edir.
Ağdərə istiqamətində isə vəziyyət bir qədər mürəkkəbləşmişdir. Yaranmış gərginlik nəticəsində, Sırxavənd kəndi yenidən düşmənin əlinə keçmişdir.
Əsgəran istiqamətində Milli Ordunun mövqeləri dəyişməmişdir. Düşmənlərdən təmizlənmiş kəndlər döyüşçülərimiz tərəfindən qorunur.
Döyüşçülərimiz Əsgəran cəbhəsində hücumları genişləndirir. Düşmənin 1 PDM-i vurulub məhv edilmişdir.
Dünən Zəngilan rayonunun Seyidlər, Ağbis və Qazançı kəndləri Qafan ərazisindən atəşə məruz qalıb. Düşmənə cavab atəşi açılıb.
Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı Yuxarı Buzqov, Aşağı Buzqov və Gərməçataq kəndləri; Sədərək rayonunun Ermənistanla sərhəd hissələri müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Erməni silahlıları Yuxarı Buzqov kəndinə hücuma keçmişlər. Milli Ordunun ərazi-müdafiə bölmələri düşmənin hücumunu dəf etmişdir. Əsgərlərimizdən 1 nəfər şəhid olmuş, 9 nəfər yaralanmışdır.