Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Qazax


İyunun 14-də səhər saat 6-dan başlayaraq döyüşlər gecə saat 21-dək davam etmişdir. Düşmənlər Qazaxın Alpout, Quşçu Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Çaylı, Qızılhacılı, Abbasbəyli, Böyük Cəfərli, Bala Cəfərli kəndlərini İcevan və Noyanberyan rayonları ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutmuşdur.
Çaylı kəndinə 12 “Kristal” tipli raket düşmüşdür. 7 ev dağıdılmışdır, 2 nəfər şəhid olmuşdur.
Düşmənin hücumları dəf edilmişdir. Dünəndən bəri rayonda 17 ev dağılmışdır, 14 nəfər yaralanmış, 5 nəfər şəhid olmuşdur. Döyüş əməliyyatları davam edir.


Zəngilan


İyunun 14-də saat 17-dən sonra rayonun Seyidlər, Qazançı, Ağkənd və Gün Qışlaq kəndləri Qafan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur.


Tərtər


Dünən gecə saat 3-də Tərtər şəhəri, rayonun Seydimli, Dəmirçilər, Cəmilli, Təzəkənd və digər kəndləri Marquşavan istiqamətindən tanklardan və “Qrad” tipli raketlərdən atəşə tutulub. Düşmənə cavab atəşi açılmışdır.


Cəbrayıl


Dünən axşam saat 17-19 arası ermənilər yaşayan Şaqa istiqamətindən rayonun mərkəzi toplardan atəşə tutulmuşdur. İndi nisbi sakitlikdir.


Ağdam


Uğurlu hücum nəticəsində alınmış yaşayış məntəqələrində azərbaycan ordusunun mövqeləri möhkəmlənir. Əsgəran və Xanabad uğrunda döyüşlər davam edir.


Goranboy


Vəziyyət yaxşıdır.


Füzuli


Nisbi sakitlikdir.


Qubadlı


Ara-sıra atəş səsləri eşidilir. Əsasən nisbi sakitlik olmuşdur.



İyunun 8-də Füzuli şəhərinin atəşə tutulduğu mərmilərin analiz tədqiqi zamanı müəyyən olunmuşdur ki, onların tərkibində ümumizəhər təsirli sianidlər vardır.