Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 15-də respublikamızın sərhəd bölgələrində və Yuxarı Qarabağın həndəvərində vəziyyət gərgin olaraq qalır. Erməni silahlı qüvvələri torpaqlarımıza soxulmaq cəhdlərini davam edirlər. Sərhəd bölgələrində düşmənin hücumlarını dəf etmək üçün lazımi qədər qüvvə ehtiyatı yaradılır və əks tədbirlər görülür.
İyunun 15-də Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi, Babək rayonunun Yuxarı Buzqov, Aşağı Buzqov, Şahbuz rayonunun Şada, Şərur rayonunun Havuş və Cağazir kəndləri fasilələrlə Ermənistanın ərazisindən “Hurs”, “Alazan” tipli raketlərdən, toplardan, PDM və ZTR-lərdən atəşə tutulur. Düşmənə cavab atəşləri açılır.
Qazax bölgələrində də vəziyyət gərgin olaraq qalır. İyunun 14-də səhər saat 6-dan başlayaraq döyüşlər gecə saat 21-dək davam etmişdir. Düşmənlər rayonun Alpout, Quşçu Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Çaylı, Qızıl Hacılı, Abbasbəyli, Böyük Cəfərli, Bala Cəfərli kəndləri Ermənistanın ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Çaylı kəndinə 12 “Kristal” tipli raket düşmüşdür. 7 ev dağıdılmışdır. 2 nəfər şəhid olmuşdur.
Düşmənin hücumları dəf edilmişdir. Dünəndən bəri rayonda 17 ev dağıdılmışdır. 14 nəfər yaralanmış, 5 nəfər şəhid olmuşdur. Döyüş əməliyyatları davam edir.
Zəngilan bölgəsinin Seyidlər, Qazançı, Ağkənd və Günqışlaq kəndləri Qafan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur.
Yuxarı Qarabağ boyunca yerləşən yaşayış məntəqələri Cəbrayıl şəhəri, Tərtər bölgəsinin Seydimli, Dəmirçilər, Cəmilli, Təzəkənd kəndləri və Tərtər şəhəri gün ərzində ermənilər tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur. Füzuli bölgəsində nisbi sakitlik yaranmışdır.
İyunun 8-də Füzuli şəhərinin atəşə tutulduğu mərmilərin analiz tədqiqi zamanı müəyyən olunmuşdur ki, onların tərkibində ümumizəhər təsirli sianidlər vardır.