İyunun 14-də Respublikamızın sərhəd bölgələrində və Yuxarı Qarabağın həndəvərində vəziyyət gərgin olaraq qalır. Döyüşlərin getdiyi qaynar nöqtələrdə üstünlük Azərbaycan Silahlı Qüvvələrinin tərəfindədir. Düşmənin hücumları bütün cəbhə boyu dəf olunur.
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Goranboy bölmələri döyüş əməliyyatlarını genişləndirərək keçmiş Şaumyan rayonu ərazisindəki Qaraçinar, Yenikənd və Qaxtut kəndlərini düşmənlərdən təmizləmişlər. Erməni silahlı birləşmələri canlı qüvvə və texnika itkiləri verərək geri çəkilirlər.
İndi Milli Ordunun əsgərləri Aşağı Ağcakənd (Şaumyan) qəsəbəsi uğrunda döyüşləri davam etdirirlər.
İyunun 13-də saat 22-də erməni silahlı birləşmələri Ağdam rayonunun Abdal və Gülablı kəndlərini Xocavənd ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutaraq, hücuma keçmişlər.
Bu gün səhər saat 6-ya yaxın Milli Ordunun Ağdam ərazi bölmələri düşmənə ağır zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişlər.
Döyüşçülərimiz Əsgəran istiqamətində düşməni geri oturtmaqda davam edirlər. Düşmənlərdən azad olunmuş kəndlərdə müdafiə mövqeləri möhkəmləndirilir. Hazırda döyüşlər Əsgəran-Xanabad ətrafında gedir.
Əsgəran istiqamətində davam etdirilən əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüşçülərindən 50 nəfər şəhid olmuş, 130 nəfərədək yaralanmışdır. Bu döyüşlərdə ermənilər 500-dək canlı qüvvə və xeyli zirehli texnika itkiləri verərək geri çəkilmişdir. Döyüş meydanında ermənilər tərəfdə vuruşan 9 nəfər muzdlu zəncinin meyidi qalmışdır.
Döyüşlər davam edir.
Bu gün səhər saat 6-dan Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Fərəhli, Quşçu Ayrım, Qızıl Hacılı, Abbasbəyli, Alpout, Böyük Cəfərli, Bala Cəfərli və Xanlıqlar kəndləri Ermənistanın İcevan və Noyanberyan rayonları ərazisindən tanklardan, toplardan və iriçaplı pulemyotlardan intensiv atəşə tutulub. Alınan məlumata görə, erməni silahlı birləşmələrinin tərkibində Müstəqil Dövlətlər Birliyinin 7-ci ordusunun hərbiçiləri də olmuşdur.
Milli Ordunun Qazax ərazisi bölmələri, rayon Daxili İşlər Şöbəsinin milis işçiləri və könüllülər – “Qeyrət-Turan” dəstəsi düşmənin hücumlarını mərdliklə dəf etmişlər. Düşmənin 2 atəş nöqtəsi dağıdılmışdır. Erməni silahlı birləşmələri xeyli itkilər verərək geri çəkilmişdir.
Bu döyüşdə 1 nəfər şəhid olmuş, 10 nəfər yaralanmışdır.
Döyüşlər davam edir.
İyunun 13-dən 14-nə keçən gecə Füzuli rayonunun mərkəzi, Aybasanlı, İşıqlı, Dədəli, Qaradağlı, Qacar, Çuvarlı və Gorazıllı kəndləri keçmiş Hadrut rayonu səmtindən tanklardan və toplardan atəşə tutulub. Düşmən cavab atəşilə susdurulub. Döyüşçülərimiz arasında yaralananlar var. Düşmənin qəfil hücumlarını dəf etmək üçün əsgərlərimiz müdafiə postlarını möhkəmləndirirlər.
Dünən Cəbrayıl rayonu keçmiş Hadrut rayonu ərazisindən toplardan atəşə məruz qalıb.
Bu gün saat 12-dən başlayaraq rayon ərazisi keçmiş Hadrut rayonu ərazisindən müntəzəm olaraq toplardan atəşə tutulur.
Naxçıvan Muxtar Respublikasının ərazisi də düşmənlərin atəşlərinə məruz qalır. Bu gün saat 12:50-də Babək rayonunun Buzqov və Gərməçataq kəndləri Ermənistan istiqamətindən top atəşinə tutulub. 1 nəfər kənd sakini yaralanmışdır.
Saat 13:30-dan 14:15-dək Sədərək qəsəbəsi minaatanlardan atəşə məruz qalıb. İnsan təlafatı olmamışdır.
Qalan bölgələrdə ara-sıra atəş səsləri eşidilsə də, nisbi sakitlik olmuşdur.
Qazax bölgəsində vəziyyət gərgin olaraq qalır. İyunun 14-də və 15-də fasilələrlə rayonun Böyük Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Qızıl Hacılı, Məzəm, Fərəhli, Abbasbəyli, Alpout və Tamuna kəndləri Ermənistanın İcevan və Noyemberyan rayonlarının Girans, Voskepar, Lələkənd, Şavarşavan və başqa kəndləri istiqamətindən toplardan, tanklardan, iriçaplı pulemyotlardan, Kristal tipli raketlərdən atəşə tutulmuşdur. Tamuna kəndinə bir neçə top və raket mərmiləri düşmüşdür. Beş nəfər şəhid olmuş, 15 nəfər yaralanmışdır. Rayonda 17 ev dağıdılmışdır. Azərbaycan Ordusunun Qazax bölmələri və rayon DİŞ-nin silahlı dəstələrinin birgə səyi nəticəsində düşmənin atəşi nöqtələri susdurulmuşdur və bütün sərhəd boyu ermənilərin hücumu dəf olunmuşdur. Düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olub.