Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Ağdam


Uzun müddətdir ki, Yuxarı Qarabağ boyunca yerləşən yaşayış məntəqələri: Laçın, Şuşa, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər və Goranboy rayonlarının ərazisi erməni silahlı birləşmələri tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulurdu. Yuxarı Qarabağda düşmənin güclü silah, hərbi sursat və canlı qüvvə ehtiyatı cəmləşmişdi.
Son vaxtlar düşmənlər azərbaycanlıların yaşayış məntəqələrini daha amansız atəşə tutmağa başlamışdılar. Müntəzəm olaraq, davam etdirilən bu atəşlərin nəticəsində minlərlə azərbaycanlının taleyi təhlükə altında qalır, saysız-hesabsız tikililər dağılırdı.
Erməni silahlı birləşmələrinin atəş nöqtələrini susdurmaq və düşmənin hücumlarının qarşısını almaq üçün, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazi-müdafiə bölmələri Əsgəran və Ağdərə istiqamətlərində hücum əməliyyatlarını genişləndirmişdir.
Alınan məlumata görə Milli Ordunun döyüşçüləri dünən Əsgəran rayonunun: Dəhrəz, Ağbulaq, Ərənzəmin, Pircamal, Naxçıvanik, Fərrux; Ağdərə (keçmiş Mardakert) rayonunun: Qaraşlar, Bəşirlər, Sırxavənd, Kiçan, Orta Güneypəyə, Baş Güneypəyə və Manikli kəndlərinə daxil olmuşlar.
Əsgərlərimiz daxil olduqları kəndlərdə müdafiə mövqelərini möhkəmləndirirlər.
Döyüşlər davam edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Komandanlığı düşməni tamamilə susdurmaq, bölgədə əmin-amanlığı təmin etmək məqsədi ilə başlanılmış əməliyyatı davam etdirir.
İndicə məlumat almışıq ki, Goranboy cəbhəsində də əməliyyatlar müvəffəqiyyətlə aparılır. Milli Ordunun döyüşçüləri Cambaz yüksəkliklərini ələ keçirmiş, Erkəç kəndini düşmənlərdən təmizləmişlər.
Bölgədə döyüşlər davam edir.