İyunun 12-dən 13-nə keçən gecə Ermənistanla sərhəd bölgələrdə vəziyyət gərgin olaraq qalmışdır. Qubadlı rayonunun Yazı Düzü məntəqəsi; Zəngilan rayonunun Qazançı, Ağkənd və Seyidlər kəndləri; Tovuz rayonunun Qaralar kəndi, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Zəngilanda döyüşçülərimizdən 1 nəfər yaralanmışdır.
Dünən Füzuli rayonunun Gorazıllı, İşıqlı, Çuvarlı kəndləri və rayon mərkəzi – Yuxarı Qarabağın ermənilər yaşayan Məlikcan və Buludxan kəndləri səmtindən minaatanlardan atəşə məruz qalmışdır. Milli Ordunun 11 döyüşçüsü yaralanmışdır. Düşmənə cavab atəşi açılmışdır.
Bu gün saat 17-də Qazax rayonunun Musaköy kəndi İcevan rayonu ərazisindən toplardan və tanklardan atəşə tutulmuşdur. Kənd sakinlərindən 14 yaşlı bir qız uşağı həlak olmuşdur. Kənddə dağıntı vardır. Düşmən cavab atəşi ilə susdurulmuşdur.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində Milli Ordunun döyüşçüləri müdafiə mövqelərini möhkəmləndirməkdə davam edirlər. Eyni cəbhə boyu düşmənin hücumlarını dəf etmək üçün qüvvə ehtiyatı artırılır.
Qələbə bizimlə olacaqdır!