Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Qazax


Bütün sərhəd boyu ara-sıra atışmalar müşahidə olunur. İyunun 12-də səhər saat 6-dan 7-yə qədər Böyük Cəfərli kəndi ermənilər tərəfdən top atəşinə tutulmuşdur. Təlafat olmamışdır. Vəziyyət gərgin olaraq qalır, ara-sıra atışmalar davam edir.


Tovuz


İyunun 12-nə keçən gecə səhərə qədər rayonun Əlibəyli kəndi ermənilər tərəfdən avtomatlardan, pulemyotlardan və qumbaraatanlardan atəşə tutulmuşdur. Bizim tərəfdən bir nəfər yaralanıb. Atışma davam edir.


Tərtər


İyunun 12-də gecə saat 3-dən səhər saat 7-yə qədər şəhər ermənilər yaşayan Marquşavan kəndi istiqamətindən toplardan, minaatanlardan, ZTR-lərdən, pulemyot və avtomatlardan ara-sıra atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulmuşdur. Təlafat yoxdur.


Goranboy


İyunun 12-də gecə saat 2:30-dan səhər saat 4-ə qədər Todan kəndi ermənilər yaşayan Manaşid və Erkəç kəndləri tərəfdən 122 mm qaubitsalardan atəşə tutulmuşdur. Todan kəndində 3 ev yandırılmışdır. Təlafat olmamışdır.


Kəlbəcər


Ağdaban və Çərəkdar kəndləri istiqamətlərində Ağdərə rayonunun Aterk və Ketavan kəndləri səmtindən düşmənin texnikası və canlı qüvvəsinin cəmləşməsi müşahidə olunur.


Ağdam


İyunun 11-də saat 16:00-dan 19-a qədər və iyunun 12-nə keçən gecə səhərə qədər Ağdamın Əhmədavan, Çuxurməhlə, Şelli kəndləri Əsgəran, Naxçıvanik və Xanabad istiqamətlərindən toplardan, tanklardan, PDM-lərdən, ZTR və minaatanlardan atəşə tutulmuşdur. Bizimkilər düşmənə güclü cavab atəşi açmışlar. Ermənilərin 3 zirehli texnikası vurulub, məhv edilmişdir. Düşmən tərəfdən itki vardır.


Füzuli


Qacar kəndi gecə saat 24:00-dan 3-ə qədər Tuğ tərəfdən ara-sıra atəşə tutulmuşdur. Təlafat olmamışdır.

Xocavənd rayonunun azərbaycanlılar yaşayan Əmrallılar, Muğanlı və Kuropatkino kəndləri ermənilər tərəfdən bütün gecəni ara-sıra atəşə tutulmuşdur. Təlafat olmamışdır.


Naxçıvan


İyunun 11-də saat 16-dan sonra Sədərək qəsəbəsi güclü top atəşinə tutulmuşdur. Atəş 3 saat ərzində davam etmişdir. Sədərəyə 71 top mərmisi atılmışdır. İyunun 12-də səhər saat 6-dan başlayaraq qəsəbə yenidən toplardan və minaatanlardan atəşə tutulmuşdur. Atəş Sədərəyin ərazisində olan 14№-li hərbi zastavadan açılmışdır.