Xəbər verdiyimiz kimi, Şuşanın süqutundan sonra ermənilər müxtəlif istiqamətlərdən Qarabağın aşağı hissəsini: Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutmağa başlamışdılar. Düşmənlər müxtəlif təyinatlı silahlardan istifadə edərək, kəndlərimizi və rayon mərkəzlərini fasiləsiz atəşə tuturdular. Dəfələrlə xəbərdarlıq atəşləri ilə cavab verilsə də, erməni tərəf vəhşi əməllərindən əl çəkmək istəmirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ağdam ərazi bölmələri düşmənin hücumlarını dəf etmək və atəş nöqtələrini susdurmaq üçün döyüş əməliyyatlarını genişləndirmişdir. Bu gün Milli Ordunun əsgərləri Yuxarı Qarabağın ermənilər yaşayan Pircamal, Naxçıvanik, Əsgəran, Xanabad və Qaraqaya kəndlərinə daxil olaraq, düşməni tamamilə darmadağın etmişlər.
Döyüşçülərimiz ermənilərin əlində olan mövqeləri ələ keçirmişlər.
Döyüşlər davam edir.