Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 12-də döyüşlərin getdiyi bölgələrdə vəziyyət nisbətən sakitləşmişdir. Erməni hərbi birləşmələrinin əməliyyat keçirdiyi Qazax-Tovuz cəbhə xətlərində döyüşlər səngiyib. Hazırda Milli Ordunun ərazi-müdafiə qüvvələri və Daxili İşlər Nazirliyinin milis dəstələri müdafiə postlarını möhkəmləndirirlər. Bölgədə düşmənin hücumlarını dəf etmək üçün lazımi qədər qüvvə ehtiyatı yaradılır.
İyunun 11-dən 12-nə keçən gecə Qazax rayonunun Böyük Cəfərli kəndi – İcevan ərazisindən toplardan; Tovuz rayonunun Əlibəyli kəndi – Tavuş rayonu istiqamətindən avtomat, pulemyot və qumbaraatanlardan; Goranboy rayonunun Todan kəndi – ermənilər yaşayan Mənəşid və Erkəç kəndlərindən 122 mm-lik qaubitsalardan; Tərtər şəhəri – Marquşavan səmtindən tank, zirehli transportyor və pulemyotlardan; Ağdam rayonunun Əhmədavar, Şelli, Çuxurməhlə və başqa kəndləri - Əsgəran-Naxçıvanik-Xanabad istiqamətlərindən müxtəlif təyinatlı silahlardan; Füzuli rayonunun Qacar kəndi – Tuğ kəndindən, Xocavənd rayonunun azərbaycanlılar yaşayan Əmrallar, Kuropatkin və Muğanlı kəndləri – ermənilər yaşayan məntəqələrdən zirehli texnikalardan, avtomat və pulemyotlardan; Cəbrayıl rayonunun Qışlaq kəndi ermənilər yaşayan Sur kəndindən ara-sıra avtomat və pulemyotlardan atəşə tutulub. İnsan təlafatı olmamışdır.
İyunun 11-də Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən güclü top atəşinə məruz qalıb.
Bu gün yenidən Sədərək qəsəbəsi Miltəpə və Beşbaraq yüksəkliyindən atəşə tutulub. Saat 17:30-da Babək rayonunun Yuxarı Buzqov kəndi avtomatlardan atəşə məruz qalıb.
Dünən döyüşçülərimiz Ağdam rayonu ərazisində düşmənin 3 zirehli texnikasını vurub məhv etmişdir. Son bir həftə ərzində Milli Ordunun Ağdam ərazi-müdafiə bölmələri düşmənin 14 zirehli texnikasını məhv etmişdir.
Bütün cəbhələr boyu düşmənin hücumlarını dəf etmək üçün Milli Ordumuzda döyüşçülərin hazırlığı artırılır. Düşməni istənilən vaxt məğlub etmək mümkündür.