Naxçıvan
İyunun 10-dan 11-nə keçən gecə səhərədək Sədərək Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.
Yerevanda Sundukyan adına dram teatrının qarşısında fasiləsiz izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları 1988-ci ildən bəri xarici ölkələrdən Yerevana gələn münaqişələrdə iştirak edən mühacirlərin tez bir zamanda respublikanı tərk etmələri və qonşu dövlət ilə müharibəyə son qoymağı tələb etmişlər. Keçirilən mitinqlərdə ayrı-ayrı ictimai qruplar arasında qarşıdurmalar baş vermişdir. Mitinqçilər arasında yaralanan və ölənlər də olmuşdur.
Mitinqdə bir çox etnik qruplar iştirak edir və mühacirlərə qarşı radikal mövqedə dayanırlar.
İyunun 9-da mühacirlərin 412 nəfərlik ilk dəstəsi Ermənistanı tərk etmişdir.
Gümrü, Leninavan şəhərində də iyunun 6-dan başlayaraq mitinqlər davam etməkdədir. Mitinqçilər ərzaq məhsullarının qiymətlərinin aşağı salınması və digər gündəlik təlabat mallarının vaxtlı-vaxtında ticarət şəbəkələrinə verilməsini tələb etmişlər. Onlar ilk etiraz əlaməti olaraq Gümrü şəhərindəki dəmiryolunu dağıtmış, bir çox avtomobil yollarını sıradan çıxarmışlar.
Nəqliyyat yollarının yenidən bərpa olunmasına baxmayaraq, mitinqçilər hədələyici ultimatumla çıxış etmişlər. Onlar L.Terpetrosyanın ünvanına göndərdikləri yüzlərlə teleqram və məktubda şəhərin sərhəd zonasında yerləşdiyi xatırladılmış və tələblərin yerinə yetirilməyəcəyi təqdirdə Türkiyə ərazisindən keçəcəkləri bildirilmişdir.
Tovuz
İyunun 11-dən səhər saat 04:00-da Əlibəyli kəndi Ermənistanın Berd rayonu istiqamətindən top atəşinə tutulmuşdur.
Ağdam
İyunun 10-dan 11-nə keçən gecə rayonun Abdal, Gülablı, Çuxurməhlə, Şelli, Papravənd və Şotlanlı kəndləri Əsgəran istiqamətindən PDM, “Qrad”, “Kristal” tipli raketlər, avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Şəhər mərkəzinə 4 mərmi düşmüşdür.