İyunun 11-də Respublikamızın sərhəd bölgələrində nisbətən sakitlik olmuşdur. Cəbhələrdə düşmənin fəallığı nəzərə çarpmamışdır. Əvvəlki kimi mövqelərin möhkəmləndirilməsi uğrunda döyüşlər davam edir. Erməni silahlı birləşmələrinin hücumları dəf edildikdən sonra, Milli Ordunun əsgərləri kəndlərimizdə müdafiə mövqelərini bərpa edirlər. Cəbhə boyu mühəndis-inşaat işləri görülür.
İyunun 10-dan 11-nə keçən gecə Ağdam rayonunun Gülablı, Abdal, Çuxurməhlə, Şelli, Papravənd və Şotlanlı kəndləri – Əsgəran- Naxçıvanik səmtlərindən; Füzuli rayonunun Qacar kəndi – ermənilər yaşayan Traxtik kəndi ərazisindən; Tərtər rayonunun Qapanlı, Dəmirçilər, Borsunlu, Seydimli, Cəmilli və Əskipara kəndləri, şəhər özü – Ağdərə rayonu istiqamətlərindən; Yuxarı Qarabağın azərbaycanlılar yaşayan Narıştar kəndi – Aterk kəndi ərazisindən; Qubadlı rayonunun Tarovlu kəndi – Qafan ərazisindən; Zəngilan rayonunun Seyidlər və Qazançı kəndləri – Qafan istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Narıştar kəndinin müdafiəçilərindən 2 nəfər şəhid olmuşdur. Narıştar kəndində döyüşlər davam edir. Tərtər döyüşlərində dağıntı və insan təlafatı vardır. Həlak olanların sayı dəqiqləşdirilir. Zəngilanda 2 nəfər yaralanmışdır.
İyunun 11-nə keçən gecə və səhər Tovuz rayonunun Əlibəyli kəndi – Ermənistanın Berd rayonu ərazisindən; Qazax rayonunun Fərəhli, Qızıl Hacılı, Böyük Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Musaköy, Əskipara və Xeyrimli kəndləri – İcevan və Noyanberyan rayonları istiqamətlərindən toplardan, tanklardan, PDM, ZTR və pulemyotlardan intensiv atəşə tutulur. Bizimkilər arasında yaralananlar var. Milli Ordunun əsgərləri düşmənə bütün istiqamətlərdən cavab atəşləri açmaqda davam edirlər. Qazax bölgəsində erməni silahlı birləşmələrinin hücumları dəf olunur. Düşmənin həmlələrinin qarşısı alınır.
Dünən gecə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə məruz qalmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Komandanlığı düşmənin hücumlarını vaxtında dəf etmək üçün döyüşçülərin hazırlığını artırır.