Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

İyunun 8-dən başlayaraq Qazax bölgəsində vəziyyət gərginləşmişdir. Müharibənin ağırlığı tədricən Respublikamızın Qərb bölgələrinə adlamışdır.
Müstəqil Dövlətlər Birliyinin Silahlı Qüvvələrinin 7-ci Ordusu ilə birləşən Ermənistan silahlı birləşmələri böyük texnika və canlı qüvvə ehtiyatı yaradaraq Qazax və Tovuz rayonlarının sərhəd kəndləri üzərinə hücuma keçmişdir. Düşmənlər bu hücum zamanı müxtəlif təyinatlı silahlardan istifadə edərək, kəndlərimizi və rayon mərkəzlərini intensiv atəşə tutmuşlar.
İyunun 9-da düşmənlər respublikamızın ərazisinə Qazax-Tovuz bölgələrində 8 istiqamətdən hücuma keçmişlər. Ermənistan silahlı birləşmələrinin əsas qüvvələri İcevan rayonunun Lələkənd istiqamətində toplaşaraq Qazaxın Məzəm, Fərəhli, Aşağı Əskipara, Qızılhacılı, Quşçu Ayrım, Bala Cəfərli və Böyük Cəfərli kəndlərinə ağır artilleriya qurğularından, “Qrad” tipli raketlərdən, minaatanlardan, toplardan, tanklardan və zirehli transportyorlardan intensiv atəş açmışlar. Atışmalar saat 19-dan başlayaraq, gecə saat 2-yədək davam etmişdir.
Milli Ordunun əsgərləri düşmənin hücumlarını dəf etmək üçün qanlı döyüşlər keçirilmişdir. Bu döyüşlərdə ermənilərlə birlikdə MDB Silahlı Qüvvələri iştirak etsə də, əsgərlərimiz geri çəkilməmiş, düşməni məhv etmək üçün misilsiz rəşadət göstərmişdir. Milli Orduda döyüşən Mehman Hacıyev, Alı Əliyev, Pəhlivan Abbasov, Şahin Süleymanov, Aslan Məmmədov, Şərif Namazov, Şahvədəd Abbasov, Şamil Yunisov və Elşən Cəfərov vuruşmalarda qəhrəmanlıqla həlak olmuşlar. 30-dan artıq döyüşçümüz yaralanmışdır.
Bu gün saat 9-dan başlayaraq Qazax rayonunun mərkəzi və ona bitişik kəndlər, sərhəd kəndləri Qızılhacılı, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli, Böyük Cəfərli və Yuxarı Əskipara kəndləri Ermənistanın İcevan və Noyanberyan rayonları ərazisindən, xüsusilə Lələkənd səmtindən havadan və yerüstü zirehli texnikalardan, “Alazan”, “Kristal” və “Qrad” tipli raketlərdən atəşə tutulmuşdur. Qazaxın mərkəzinə 2 ədəd top mərmisi düşmüşdür. 1 nəfər şəhər sakini yaralanmışdır. Rayon mərkəzinə bitişik olan Ağköynək kəndinə 1 ədəd top mərmisi düşmüşdür.
Qazax bölgəsində döyüşlər davam edir. Düşmən tamamilə dəf olunmuşdur. Milli Ordunun ərazi-müdafiə bölmələri düşmənə atəş açdığı bütün səmtlərdən cavab tədbiri görür.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Komandanlığı Qazax bölgəsində gedən döyüşlərdə düşmənə layiqli cavab verərək Vətənin müdafiəsində qəhrəmanlıqla şəhid olanların ailə üzvlərinə və bütün Qazax ictimaiyyətinə dərin hüznlə baş sağlığı verir. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq. Allah Onlara Rəhmət Eləsin!
Düşmənlər eyni vaxtda müxtəlif təyinatlı silahlardan Tovuz rayonunun mərkəzini, Əlibəyli, Haçallı, Qışlaq və Ağdam kəndlərini güclü atəşə tutmuşlar.
İyunun 8-də saat 21-dən gecə 01-dək Tovuz şəhəri Ermənistanın Tavuş rayonu ərazisindən “Qrad” tipli raketlərdən və toplardan intensiv atəşə məruz qalmışdır. Həmin gün bizimkilərdən 2 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. İyunun 9-da gecə saat 20-dən 24-dək Tovuz şəhəri yenidən top və “Qrad” tipli raketlərdən atəşə tutulmuşdur. Bu döyüşlərdə əsgərlərimizdən 1 nəfər həlak olmuş, 3 nəfər isə yaralanmışdır.
Döyüşlərin getdiyi 2 gün ərzində Milli Ordunun Tovuzdakı müdafiə qüvvələrindən 3 nəfər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş, 11 nəfər yaralanmışdır.
Bu gün Tovuzda ara-sıra da olsa düşmənin atəşləri davam edir. Milli Ordunun əsgərləri düşmənin hücumlarını dəf etmək üçün cavab tədbirləri görür. Düşmənə bütün istiqamətlərdən layiqli cavab atəşi açılır.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Komandanlığı düşmənin hücumlarını dəf etmək və torpaqlarımızın müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görür. Düşmən törətdiyi vəhşiliklərin əvəzini almışdır. Bundan sonra da döyüşçülərimiz düşməni əzməkdə davam edəcəklər.