Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 8-dən başlayaraq müharibənin ağırlığı tədricən Respublikamızın Qərb bölgələrinə adlamışdır. Müstəqil Dövlətlər Birliyinin 7-ci Ordusunun Qüvvələri və zirehli texnikaları ilə möhkəmlənən Ermənistan silahlı birləşmələri güclü hərbi texnika ehtiyatı və çoxlu canlı qüvvələr hesabına Qazax və Tovuz rayonlarını müxtəlif təyinatlı silahlardan atəşə tutmağa başlamışdılar.
İyunun 9-da axşam saat 19-dan gecə saat 02-yədək Qazax rayonunun Məzəm, Fərəhli, Aşağı Əskipara, Qızıl Hacılı, Quşçu Ayrım, Bala Cəfərli, Böyük Cəfərli kəndləri Ermənistanın İcevan və Noyemberyan rayonları istiqamətlərindən tanklardan, ZTR-lərdən, minaatanlardan, “Qrad” tipli raket qurğularından intensiv surətdə atəşə tutmuşlar. Azərbaycan Ordusunun yerli müdafiə qüvvələri düşmənin hücumlarını dəf etmək üçün qanlı döyüşlər keçirmişdir.
MDB Silahlı Qüvvələrinin 7-ci Ordusunun da ermənilər tərəfindən hücuma keçməsinə baxmayaraq, Milli Ordunun əsgərləri bu vuruşmalarda misilsiz rəşadət göstərmişlər. Düşmənin vəhşilikləri döyüşçülərimizi sarsıda bilməmişdir. Azərbaycan Ordusunun əsgərləri: Mehman Hacıyev, Alı Əliyev, Pəhlivan Abbasov, Şahin Süleymanov, Aslan Məmmədov, Şərif Namazov, Şahvələd Abbasov, Şamil Yunisov və Elşən Cəfərov döyüşlərdə qəhrəmancasına həlak olmuşlar. 30-dan artıq döyüşçümüz ağır yaralanmışdır. Düşmənin hücumları dəf olunmuşdur.
İyunun 9-da düşmənlər respublikamızın ərazisinə Qazax bölgəsində 8 istiqamətdən hücuma keçmişlər. Erməni silahlı birləşmələrinin əsas qüvvələri İcevan rayonunun Lələkənd kəndi səmtindən yerləşdirilmiş, hücuma da burdan başlanılmışdır.
Qazax bölgəsində döyüşlər davam edir.
Bu gün saat 9-dan başlayaraq döyüşlər güclənmişdir. Qazax rayonunun mərkəzinin 15-ci kilometrliyində yerləşən Lələkənd səmtindən düşmənlər rayon mərkəzini və Musaköy kəndini də atəşə tutmağa başlamışlar. Qazaxın mərkəzinə 2 ədəd top mərmisi düşmüşdür. 1 nəfər şəhər sakini yaralanmışdır. 1 ədəd top mərmisi isə rayon mərkəzinə bitişik Ağköynək kəndinin ətrafına düşmüşdür. Döyüşlər davam edir.
Azərbaycan Ordusunun ərazi-müdafiə bölmələri düşmənə müqavimət göstərməkdə davam edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı Qazax bölgəsində gedən döyüşlərdə düşmənə layiqli cavab verərək qəhrəmanlıqla həlak olanların ailələrinə və Qazax ictimaiyyətinə dərin hüznlə baş sağlığı verir. Vətən torpaqlarının müdafiəsi zamanı həlak olan igidlərimiz heç vaxt unudulmayacaq.
Düşmən eyni vaxtda Tovuz rayonunu da intensiv atəşə tutmuşdur. Atəşlər zamanı bizimkilərdən 1 nəfər şəhid olmuş, 2 nəfər yaralanmışdır.
Düşmənin hücumlarını dəf etmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Komandanlığı bütün qüvvələri səfərbər etmişdir. Düşmən dəf olunacaqdır.