Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Respublikamızın Ermənistanla sərhəd bölgələrində və Yuxarı Qarabağ ətrafı rayonlarımızda iki gündür ki, vəziyyət birdən-birə gərginləşib. Erməni silahlı birləşmələri quldurcasına torpaqlarımıza soxulur, kəndlərimizi və digər yaşayış məntəqələrini vəhşicəsinə viran qoyurlar. Onların vəhşilikləri çox vaxt özlərinin məğlubiyyətiylə nəticələnsə də, iyrənc hərəkətlərindən çəkinmirlər. Onu da qeyd edək ki, erməniləri bu işə sövq edən qüvvələr var. Rus Ordusu açıq-saçıq erməninin adı altında özünün işğalçılıq siyasətini davam etdirir. Dünən Rus Ordusunun Azərbaycan ərazisindəki hərbi aeroportları xəyanətkarcasına xaraba qoyduğunu xəbər vermişik. Bütün bunlardan sonra yurdumuza qara əllərin haradan və niyə uzandığını xatırlatmağa ehtiyac qalmır.
Analitik informasiya mərkəzinə daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda döyüşlər davam edir. Düşmənlər Sədərək qəsəbəsini fasilələrlə də olsa, atəşə tuturlar. İyunun 9-da döyüşlər zamanı qəsəbənin müdafiəçilərindən 3 nəfər yaralanıb. Milli Ordunun ərazi-müdafiə qüvvələri düşmənin Miltəpə yüksəkliyi arxasında yerləşən “Qırmızı Bina” atəş mövqeyini dağıtmışlar.
Dünən axşam saat 20:15-də Ordubadlılar Ermənistan ərazisində gedən döyüşlərin atəş səslərini eşidiblər. Belə güman etmək olar ki, bu toqquşma erməni silahlı birləşmələri ilə MDB silahlı qüvvələri arasında olmuşdur.
İyunun 10-na keçən gecə Zəngilan rayonunun Seyidlər, Qazançı və Ağkənd kəndləri – Qafan səmtindən; Qubadlı rayonunun sərhəd kəndləri – Gorus-Qafan istiqamətlərindən; Goranboy rayonunun Şəfəq kəndi – ermənilər yaşayan məntəqələrdən; Ağdam rayonunun Şelli, Əhmədavar və Çuxurməhəllə kəndləri – Naxçıvanik-Əsgəran ərazisindən; Cəbrayıl rayonunun Qışlaq kəndi – ermənilər yaşayan Sur kəndi istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Ağdamda Milli Ordunun 1 əsgəri şəhid olmuşdur. Cəbrayılın müdafiə qüvvələri ermənilərin 1 ZTR-ni vurub məhv etmişdir.
İyunun 10-da səhər saat 09:30-dan başlayaraq erməni tərəf Ağdərə rayonunun Aterk səmtindən Kəlbəcər rayonunun Ağdaban kəndini atəşə tutmağa başlayıb. Ermənilər eyni vaxtda Yuxarı Qarabağın azərbaycanlılar yaşayan Çərəkdar kəndinə də atəş açmışlar. Milli Ordunun bölgədəki müdafiə qüvvələri düşmənin hücumlarını dəf etmiş, onlara layiqli cavab vermişlər. Gündüz saat 14 radələrində quldurlar xeyli itki verərək geri çəkilməyə məcbur olmuşlar. Bizimkilərdən 1 nəfər şəhid olmuş, 17 nəfər yaralanmışdır.
Dünən düşmənin intensiv atəşlərinə məruz qalan bölgələrdən biri də Tərtər olmuşdur. Saat 18-dən 21-dək Cəmilli, Təzəkənd, Borsunlu kəndləri və Tərtərin mərkəzi Marquşavan istiqamətindən toplardan və “Qrad” tipli raketlərdən atəşə tutulmuşdur. Tərtərdə gedən döyüşlərdə Milli Ordunun 6 əsgəri şəhid olmuş, 10 nəfər yaralanmışdır.
Milli Ordunun ərazi-müdafiə qüvvələri düşmənin hücumlarını dəf etmişdir. Düşmənin atəş nöqtələrindən bir neçəsi susdurulmuşdur.
Müharibənin getdiyi bölgələrin dünənki və bu günkü vəziyyəti göstərir ki, Rusiya ilə eyni məqsəd ətrafında birləşən Ermənistan hökuməti respublikamıza qarşı genosid siyasəti həyata keçirir. Müstəqilliyə qədəm qoyan xalqımızı heç nə ilə qorxutmaq mümkün deyildir. Biz nə qədər çətin olsa belə, düşmənlərimizin dizini qatlayacaq, haqq işimizi qoruyub saxlayacağıq.