Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Respublikamızın sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır. İyunun 7-dən 8-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu; Şərur rayonunun Havuş və Çağazur kəndləri; Zəngilan rayonunun Seyidlər və Quyudərəxəştab kəndləri; Cəbrayıl rayonunun Dolanlar kəndi; Füzuli rayonunun mərkəzi; Ağdam rayonunun Şelli kəndi; Tərtər rayonunun Cəmilli kəndi; Qazax rayonunun Aşağı Əskipara, Qızıl Hacılı, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli və Abbasbəyli kəndləri ermənilər tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
İyunun 8-də səhər tezdən başlayaraq, fasilələrlə də olsa, Cəbrayıl rayonunun Süleymanlı kəndi, Füzuli rayonu və Sədərək qəsəbəsi düşmənlər tərəfdən atəşlərə məruz qalmışdır.
Düşmənə atəş açdığı bütün istiqamətlər boyu cavab tədbiri görülmüşdür. Ermənilərin bir neçə atəş nöqtəsi susdurulmuşdur.
Milli Ordunun cəsur döyüşçüləri Laçın rayonunun itirilmiş kəndlərini düşmənlərdən azad etməkdə davam edirlər. İyunun 7-də Aşağı Cicimli kəndi düşmənin pəncəsindən azad edilmişdir. İgid əsgərlərimiz: İsayev Nurəddin, Həşimov Səfa, Həşimov Tahir, Cabbarov Valeh, Quliyev Etibar, Zeynalov Ələsgər və başqaları kəndin düşmənlərdən təmizlənməsində, xüsusilə fərqlənmişlər. Düşmən canlı itkilər verərək geri çəkilmişdir. Milli Ordunun döyüşçüləri arasında itki olmamışdır.
Laçın rayonunda günbəgün düşmənlərdən azad olunan kəndlərin sayı artır. Ancaq bu yerlərdən didərgin düşənlər isə geriyə - ata ocağına dönməyə tələsmirlər. Bu da haqlı olaraq kəndlərin müdafiəsində dayanan döyüşçülərimizi narahat edir. Səfiyan kəndinin müdafiəsində dayanan bir qrup döyüşçünün gileyini olduğu kimi didərginlərin nəzərinə çatdırırıq:
“Səfiyan kəndi, artıq düşməndən azad olunmuşdur. Həyat bu yurdda yenə əvvəlki axarına düşmüşdür. Respublikamızın bu və ya digər yerlərində yaşayan bir qrup səfiyanlı kəndə qayıtmalıdır. Onların müdafiəsini öz boynumuza götürürük”. Döyüşçülərimiz daha sonra bildirirlər: “Səfiyan kəndindən olanların qaçqın adı daşımaq, yurd-yuvasını itirənlərin sırasını artırmağa haqqı yoxdur.
Bu gün daha bir sevindirici məlumat almışıq. Laçın rayonunun Şamkənd sovetliyi də düşmənlərdən azad olunmuşdur. Nağdəli, Narzan, Ələkçi, Bozdağa, Qubad, Çorman və Köhnə Çorman kəndləri əsgərlərimizin əlindədir. Boş qalmış evlər öz sakinlərini gözləyir. Qorçu və Kurdtağı sovetliklərindən də düşmənlər çıxarılmışdır.
Əziz Laçınlılar!
İndi Sizin çoxunuz respublikamızın ayri-ayrı guşələrinə çəkilərək ev-eşiyinizin azad olunacağı günü səbirsizliklə gözləyirsiniz. Bu gün Sizin arzunuz çiçək açmışdır. Babaların ruhu uyuyan yurdu həsrət qoymaq olmaz. Geriyə dönməyin, axşamları qaranlığa tablamayan yurda qayıtmağın vaxtı çatmışdır. Döyüşçülərimiz Sizin təhlükəsizliyinizi təmin edəcəklər. Qayıdın yurda!
Laçın bölgəsində itirilmiş kəndlərin azad olunması uğrunda döyüşlər davam edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Komandanlığı düşməni tamamilə sıxışdırıb ərazilərimizdən kənara atmaq üçün bütün gücünü səfərbər edir. Cəbhə boyu əsgərlərimizin döyüş hazırlığı artırılır. Qələbə bizimlə olacaqdır! Bizim işimiz haqq işidir! Bizə özgə torpaqları lazım deyil. Biz öz torpaqlarımız uğrunda vuruşuruq!