İyunun 7-də - Azərbaycan Respublikası Prezidentliyinə seçkilərin keçirildiyi gün, müharibə gedən sərhəd bölgələrində əvvəlki günlərlə müqayisədə nisbətən sakitlik olmuşdur.
Dünən gecə Ağdam rayonunun İlxıçılar kəndi – Ağdərə rayonu ərazisindən tank və toplardan, Füzuli şəhəri - Traxtik, Qırmızı Bazar və Xocavənd istiqamətlərindən müxtəlif təyinatlı silahlardan, Tərtər rayonunun Seydimli kəndi – Marquşavan səmtindən tanklardan və toplardan atəşə tutulmuşdur. Füzuli şəhərinə 109 mərmi düşmüşdür. İnsan təlafatı olmamışdır. Düşmənə cavab atəşləri açılmışdır.
Bu gün Zəngilan rayonunun Seyidlər kəndi – Qafan ərazisindən ara-sıra avtomatlardan, Füzuli şəhəri ermənilər yaşayan Ağbulaq kəndindən toplardan, Qazax rayonunun Qızıl Hacılı kəndi – İcevan istiqamətindən top və Piyadaların döyüş maşınlarından intensiv atəşə tutulmuşdur. Səhər 17:30-da Füzuli şəhərinə 3 ədəd mərmi düşmüşdür. Düşmənə cavab atəşləri açılmış, onun bir neçə atəş nöqtəsi susdurulmuşdur.
Naxçıvan Muxtar Respublikasının ərazisində nisbi sakitlikdir. Sədərək qəsəbəsi ara-sıra avtomatlardan atəşə tutulur.
Gün ərzində Qubadlı, Laçın, Cəbrayıl, Ağdam, Tərtər, Kəlbəcər, Goranboy, Tovuz və Gədəbəy bölgələrində ara-sıra atəş səsləri eşidilsə də nisbi sakitlik olmuşdur. Axşamüstü Tərtər rayonunun Dəmirçilər kəndində vəziyyət bir qədər gərginləşmişdir.
Hazırda müharibə gedən sərhəd bölgələrində və Yuxarı Qarabağ ətrafında müdafiə mövqelərinin möhkəmləndirilməsi davam etdirilir. Əsgərlərimiz döyüş və texnika hazırlığı aparırlar. Torpaqlarımızın düşmənlərdən təmizlənməsi üçün hazırlıq tədbirləri genişləndirilir. Milli Ordunun və könüllü müdafiə qüvvələrinin sıraları möhkəmləndirilir.