Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Zəngilan


İyunun 5-dən 6-na keçən gecə rayonun Seyidlər və Qazançı kəndlərində ara-sıra atəş səsi eşidilmişdir. Rayonda nisbi sakitlikdir. Vəziyyət gərgin olaraq qalır.


Laçın


İyunun 5-də saat 16-da Rizvan Hümmətovun başçılıq etdiyi dəstənin döyüşçüləri Qazıdərə kəndini ermənilərdən azad etmişdir.


Ağdam


Dünən gecədən başlayaraq səhərədək rayonun Şelli, Papravənd, Qalayçılar, Yeni Qaralar və Gülablı kəndləri müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Döyüşçülərimiz düşmənə cavab atəşi açmışdır.


Tərtər


İyunun 6-da səhər saat 4-dən 8-dək Tərtər şəhəri ermənilər yaşayan Qırmızıkənd istiqamətindən “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur. Şəhərə 20-dək mərmi düşmüşdür. 1 nəfər 23 yaşlı qadın evində həlak olmuşdur. Müdafiəçi döyüşçülərimizdən 2 nəfər şəhid olmuş, 15 nəfər yaralanmışdır.
Tərtərin mərkəzində çoxlu tikili dağılmışdır.


Goranboy


Rayon ərazisi, Şəfəq, Zeyvə, Gurzallar və Todan kəndləri ermənilər yaşayan Manas kəndi səmtindən tanklardan və PDM-lərdən atəşə tutulmuşdur. İnsan təlafatı olmamışdır. Çaykənd səmtində ermənilərin canlı qüvvələri və zirehli texnikasının cəmləşməsi müşahidə olunur.


Tovuz


İyunun 5-də gecə saat 23-dən 01:30-dək rayonun Həsənli kəndi avtomat və pulemyotlardan atəşə məruz qalmışdır. Hazırda nisbi sakitlikdir.


Qazax-Ağstafa


Kiçik Cəfərli kəndinin ərazisi ara-sıra ermənilər tərəfindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Hazırda bölgədə nisbi sakitlik yaranmışdır. Vəziyyət gərgin olaraq qalır.


Naxçıvan


İyunun 5-də saat 19-dan sonra Şahbuz rayonunun Şada kəndindəki müdafiə postu, Ordubad rayonunun Kotam müdafiə postu avtomat və pulemyotlardan atəşə tutulur. Düşmənə cavab atəşi açılır.

Qalan bölgələrdə nisbi sakitlikdir. Kəlbəcərlə telefon əlaqəsi olmadığına görə, hələlik məlumat ala bilməmişik.