Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 5-dən 6-na keçən gecə Respublikamızın sərhəd rayonlarının ərazisi Ermənistan istiqamətindən müxtəlif səmtlərdən atəşə tutulmuşdur. Zəngilan rayonunun Seyidlər və Qazançı kəndi; Qubadlı rayonunun Qafan və Gorus rayonları ilə sərhəd kəndləri; Kəlbəcər rayonunun Söyüdlü məntəqəsi; Laçın rayonunun sərhəd kəndləri; Tovuz rayonunun Həsənli kəndi; Qazax rayonunun Bala Cəfərli kəndi; Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Şada kəndi, Ordubad rayonunda Kotam kəndi, Sədərək qəsəbəsi müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Sədərəkdə fasilələrlə də olsa, döyüşlər davam edir.
Dünən eyni zamanda Yuxarı Qarabağ ərazisində ermənilər yaşayan məntəqələrdən Cəbrayıl rayonunun Dolanlar kəndi, Ağdam rayonunun Şelli, Papravənd, Qalayçılar, Yeni Qaralar və Gülablı kəndləri; Tərtər şəhəri, Goranboy rayonunun Şəfəq, Zeyvə, Gürzallar və Todan kəndləri; Kəlbəcərin Ağdaban kəndi müxtəlif növ silahlardan intensiv atəşə məruz qalmışdır. Azərbaycan ordusunun ərazi-müdafiə qüvvələri düşmənə bütün istiqamətlərdən cavab atəşi açmışdır. Düşmənin bir neçə atəş nöqtəsi susdurulmuşdur.
Bu gün ən ağır vəziyyət Tərtər bölgəsində olmuşdur. Ağdərə rayonunun Qırmızıkənd istiqamətində cəmləşən erməni qüvvələri səhər saat 4-dən 8-dək Tərtər şəhərini “Qrad” və “Kristal” tipli raket qurğulardan intensiv atəşə tutmuşlar. Şəhərin mərkəzinə 20-dən artıq reaktiv mərmi düşmüşdür. Təlafat vardır. 15 nəfər döyüşçümüz yaralanmışdır. Şəhər tikililərindən bir qismi dağıdılmışdır. Milli Ordunun əsgərləri düşmənə ciddi müqavimət göstərmişlər. Cavab atəşləri ilə onlar susdurulmuşdur.
Aldığımız məlumata görə bu gün Füzuli, Ağdam, Goranboy, Kəlbəcər, Tovuz və Qazax rayonları ərazisində nisbi sakitlik olmuşdur.
Erməni silahlı qüvvələrinin xeyli texnika və canlı qüvvə üstünlüyünə baxmayaraq, Azərbaycan Ordusunun ərazi-müdafiə bölmələrinin də müvəffəqiyyətləri var: İyunun 5-də Rizvan Hümmətovun başçılıq etdiyi döyüş dəstəsi, digər müdafiə qüvvələrinin birgə mübarizəsi nəticəsində Laçın rayonunun Qazıdərə kəndini tamamilə düşməndən azad etmişdir.
Düşmənlərdən təmizlənmiş kəndlərə sakinlərin qayıtması olduqca vacibdir. Bu, döyüşçülərimizin müdafiədə daha da möhkəm dayanmasına kömək edər. Qazıdərəlilərin doğma ata yurduna qayıtmağı, bu gün qeyrət işidir.
Qazaxlı Alikin rəhbərlik etdiyi qüvvələr isə, Milli Ordunun döyüşçüləri ilə birlikdə iyunun 4-də düşmənə daha ağır zərbə endirmişdir. Ağstafa rayonunun Köhnə Qışlaq kəndinə quldurcasına basqın edən erməni silahlı qüvvələrinin böyük bir dəstəsini məğlub edərək, onu geri qaçmağa məcbur etmişdir. Döyüşçülərimiz düşməni bir neçə kilometr öz ərazisində belə təqib edə-edə qovmuşlar. Vuruşma nəticəsində 4 erməni əsgəri məhv edilmişdir. Əsgərlərimiz düşmənin 3 mühim obyektini dağıtmışdır.
Mübarizə davam edir. Nə qədər çətin olsa da, döyüşçülərimiz bu mübarizəni düşməni torpaqlarımızdan tam çıxaranadək davam etdirəcəklər.