Dünən axşam Zəngilan rayonunun Seyidlər və Burunlu kəndləri; Qubadlının sərhəd kəndləri; Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu; Ağdam rayonunun Gülablı və Əhmədavar kəndləri; Cəbrayıl rayonunun mərkəzi; Kəlbəcərin Söyüdlü məntəqəsi; Goranboyun Zeyvə və Şəfəq kəndləri; Tərtər rayonunun Seydimli kəndi müxtəlif növ silahlardan atəşə tutulmuşdur.
Bu gün Sədərək rayonu Kiçik Mil yüksəkliyindən və şərab zavodunun ərazisindən; Zəngilanın Seyidlər və Burunlu kəndləri Qafan ərazisindən; Füzuli rayonunun Qacar kəndi keçmiş Hadrut rayonu istiqamətindən; Laçın rayonu Gorus ərazisindən atəşə tutulmuşdur. Düşmənə bütün istiqamətlərdə cavab atəşi açılmış, onların bir neçə atəş nöqtəsi susdurulmuşdur.
Qubadlı, Qazax, Tovuz, Kəlbəcər, Goranboy, Ağdam, Tərtər, Cəbrayıl rayonları ərazisində ara-sıra atəş səsləri eşidilsə də nisbi sakitlik olmuşdur.
Hazırda Müdafiə Nazirliyi sərhəd boyu cəbhə xətlərində müdafiə məqsədli tədbirləri həyata keçirir. Mühəndis-inşaat işləri görülür. Müdafiə istehkamları möhkəmləndirilir.