Zəngilan
İyunun 3-də axşamüstü ermənilər 6 ədəd T-72 markalı tankla rayonun Şərikan kəndi, 4 ədəd T-72 markalı tankla Seyidlər kəndi istiqamətlərində hücuma keçmişlər. Kəndlərimiz müxtəlif növ silahlardan intensiv atəşə tutulmuşdur. Sonra ermənilər Seyidlər kəndini mühasirəyə almağa cəhd göstərmişlər. Döyüşlər gecə saat 03:30-dək davam etmişdir. Düşmənin texnika və canlı qüvvə üstünlüyünə baxmayaraq Zəngilan ərazi-müdafiə qüvvələri döyüşlərdə mərdlik və rəşadət göstərərək mövqelərdə möhkəm dayandıqlarını bir daha sübut etmişlər. Müqavimətin əbəs olduğunu anlayan ermənilər geri çəkilməyə məcbur olmuşlar. Gərgin döyüşlər zamanı bizim 3 əsgərimiz yaralanmışdır. Ağır artilleriya atəşləri nəticəsində Seyidlər kəndində bir neçə tikili dağılmışdır.
Dünən eyni vaxtda rayonun Qazançı kəndi də atəşlərə məruz qalmışdır. Yerli müdafiə qüvvələri düşmənə bütün istiqamətlərdən cavab atəşi açmışlar. İlkin məlumata görə düşmən geri çəkilərkən canlı təlafat vermişdir.
Bu gün gündüz ermənilər yenidən rayonun kəndlərinə atəş açmışdır. Atəşlərin açıldığı nöqtələrə cavab tədbirləri görülmüşdür. Ara-sıra atəş səsləri eşidilsə də, Zəngilanda indi nisbi sakitlikdir. Əsgərlərimiz düşmənin qəfil hücumlarını dəf etmək üçün sayıqlığı artırırlar.
Kəlbəcər
Rayonun sərhəd kəndlərində vəziyyət gərgin olaraq qalır. Mərcimək, Narıştar kəndləri və Söyüdlü məntəqəsi fasilələrlə atəşə tutulur. Bu gün ermənilər daha çox Söyüdlü məntəqəsinə atəş açırlar. Günün ikinci çağı düşmənlər məntəqəyə vertolyotlardan atəş açmış, piyada qoşunları ilə hücuma keçmişlər. Kəlbəcərin müdafiə qüvvələri mərdliklə düşmənə müqavimət göstərirlər. Döyüşlər gedir.
Müdafiəsi Kəlbəcərlilərin üzərinə düşən Yuxarı Qarabağın Çərəkdar kəndində də döyüşlər gedir. İyunun 2-dən başlayaraq Çərəkdar kəndi ermənilər tərəfindən intensiv atəşə tutulur. Kəndə 14-dən artıq mərmi düşmüşdür.
Azərbaycan Ordusunun ərazi-müdafiə qüvvələri düşmənin hücumlarını dəf etməkdə davam edirlər.
Naxçıvan
Sədərək qəsəbəsi Mil və Beşbarmaq yüksəkliyindən müntəzəm atəşə tutulur. Qəsəbəyə daha çox avtomatlardan, pulemyotlardan və snayperlərdən atəş açırlar. Ermənistan ərazisində yerləşən şərab zavodu postundan isə qəsəbəyə minaatanlardan zərbə endirirlər. Bu gün səhər saat 08-dək bizimkilərdən 4 əsgər, axşamüstü saat 18-dək isə 2 nəfər yaralanmışdır. Əsgərlərimiz düşmənə cavab atəşi açırlar. Sədərəkdə döyüşlər davam edir.
Cəbrayıl
Bu gün gündüz saat 12-də rayonun Nususlu postu atəşə tutulmuşdur. Düşmənlər cavab atəşi ilə susdurulmuşdur. Hazırda ermənilər yaşayan Sur kəndi istiqamətindən Qışlaq kəndi toplardan fasilələrlə atəşə tutulur. Milli Ordunun bölgədəki müdafiə qüvvələri düşmənə cavab atəşi açırlar.
Füzuli
İyunun 3-də Füzuli şəhəri toplardan atəşə tutulmuşdur. Şəhərə 3 ədəd mərmi düşmüşdür. Bu gün səhərəyaxın ermənilər atəşi yenidən davam etdirmişlər. Şəhərə daha 2 mərmi düşmüşdür. Milli Ordunun bölgədəki müdafiə qüvvələri düşmənin atəş nöqtəsini cavab atəşi ilə susdurmuşlar.
Tərtər
İyunun 3-də Tərtər ətrafındakı postda mina partlaması ilə əlaqədar olaraq, 4 əsgərimiz şəhid olmuş, 1 nəfər isə yaralanmışdır.
Dünən Tərtər şəhərinin ətrafındakı postlarımız Marquşavan ərazisindən toplardan atəşə tutulmuşdur. Nəticədə müdafiəçi əsgərlərimizdən 2 nəfər yaralanmışdır. Dünən axşamüstü saat 17:30-dan sonra Tərtər şəhəri Marquşavan kəndi istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Goranboy
Ermənilər yaşayan Talış kəndindən Çaylı istiqamətinə ermənilərin 15 ədəddən ibarət maşın karvanı hərəkət etmişdir.
Tovuz
İyunun 3-də düşmənin atəşləri zamanı güllələrdən biri Ağdam kəndi ərazisində müdafiədə dayanan əsgərimizə dəymişdir. Əsgər şəhid olmuşdur.
Əlibəyli-Haçallı və Həsənli postları boyunca erməni tərəfinin zirehli texnikası və canlı qüvvələri cəmləşir. Düşmənin hərəkəti döyüşçülərimizin nəzarəti altına alınmışdır. Bu gün Qaralar kəndində bir erməni tutulub qərargaha gətirilmişdir.
Ağdam
Dünən axşam ermənilər rayonun Papravənd kəndinə hücuma keçmişlər. Kənd əvvəlcə “Alazan” tipli raketlərlə atəşə tutulmuşdur. Düşmənin həmləsi dəf olunmuşdur. Hazırda döyüşçülərimiz düşməni tam sıxışdırıb geri oturtmaq üçün vuruşurlar. Düşmənlər eyni vaxtda Şelli kəndini də atəşə tutmuşlar. Düşmənə cavab atəşi açılmışdır.
Qubadlı-Laçın
Qubadlı bölgəsində ara-sıra atəş səsləri eşidilsə də nisbi sakitlikdir. Laçında isə döyüşlər davam edir. Milli Ordunun bölgədəki qüvvələri mövqeləri möhkəmlətməkdə davam edirlər.