Zəngilan
İyunun 3-də axşamüstü ermənilər 6 ədəd T-72 markalı tankla rayonun Şərikan kəndi, 4 ədəd T-72 markalı tankla Seyidlər kəndi üzərinə hücuma keçmişlər. Bizim kəndlər intensiv atəşə tutulmuşdur. Döyüşlər gecə saat 03:30-dək davam etmişdir. Ermənilər Seyidlər kəndini mühasirəyə almağa cəhd göstərmişlər. Azərbaycan ordusunun Zəngilan ərazi-müdafiə bölmələri düşmənin həmlələrini mərdliklə dəf etmişdir. Erməni tərəfin zirehli texnika və canlı qüvvə üstünlüyünə baxmayaraq geri çəkilməyə məcbur edilmişdir. Döyüşlərdə bizimkilərdən 3 əsgər yaralanmışdır.
Düşmənlərin açdığı atəşlərdən Seyidlər kəndində tikililərin bir qismi dağıdılmışdır. Dünən eyni zamanda rayonun Qazançı kəndi də güclü atəşə məruz qalmışdır. Düşmənə bütün istiqamətlərdə cavab atəşləri açılmışdır. İlkin məlumata görə düşmənin bir neçə əsgəri məhv edilmişdir.
Döyüşçülərimiz mövqelərini möhkəmlətməkdə davam edirlər.
Füzuli
İyunun 3-də Füzuli şəhəri toplardan atəşə tutulmuşdur. Şəhərə 3 mərmi düşmüşdür. Bu gün səhərə yaxın ermənilər atəşi yenidən davam etdirmişlər. Şəhərə 2 mərmi düşmüşdür. Azərbaycan ordusunun ərazi-müdafiə qüvvələri düşmənin atəş nöqtəsini cavab atəşi ilə susdurmuşdur.
Tərtər
İyunun 3-də Tərtər ətrafında mina partlamışdır. Nəticədə 4 əsgərimiz şəhid olmuşdur. 1 nəfər isə yaralanmışdır.
Dünən Tərtər şəhəri ətrafındakı postumuz Marquşavan kəndi istiqamətindən toplardan atəşə tutulmuşdur. Mərmilərdən bir neçəsi posta düşmüşdür. Nəticədə 2 müdafiəçimiz yaralanmışdır.
Dünən axşamüstü saat 17:30-dan sonra Tərtər şəhəri Marquşavan kəndi istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Goranboy
Ermənilər yaşayan Talış kəndindən Çaylı istiqamətinə ermənilərin 15 ədəddən ibarət maşın karvanı hərəkət etmişdir.
Tovuz
İyunun 3-də Ağdam kəndi ərazisində düşmənin atdığı güllərdən biri müdafiədə dayanan əsgərimizə dəymişdir. Əsgər şəhid olmuşdur.
İyunun 3-də axşam saat 20-dən bu gün səhər saat 8-dək ara-sıra atəş səsləri eşidilsə də Ağdam, Cəbrayıl, Laçın, Goranboy, Tovuz, Qazax və Gədəbəy bölgələrində nisbi sakitlik olmuşdur.
Kəlbəcər
Rayonun sərhəd kəndlərində vəziyyət gərgin olaraq qalır. Mərcimək və Narıştar kəndləri fasilələrlə müxtəlif növ silahlardan atəşə tutulur. Müdafiəsi Kəlbəcərlilərin üzərinə düşən Yuxarı Qarabağın Çərəkdar kəndində də atışma gedir. İyunun 2-də saat 14 radələrində Çərəkdar kəndi intensiv atəşə tutulmuş, kəndə 15 ədəd mərmi düşmüşdür.
Azərbaycan ordusunun ərazi-müdafiə qüvvələri düşmənin həmlələrini dəf etməkdə davam edirlər. Döyüşlərin getdiyi Söyüdlü, Qonqur və Kəylik müdafiə postlarında nisbi sakitlik yaranmışdır.
Naxçıvan
Sədərək qəsəbəsi fasilələrlə, lakin ən güclü silahlardan atəşə tutulmaqda davam edir. Ermənistan tərəfdən hər gün bu qəsəbəni məğlub etməyə cəhd göstərilir. Döyüşçülərimiz düşmənin həmlələrini mərdliklə dəf edirlər. Vuruşmalarda bizimkilərdən 4 nəfər yaralanmışdır.
Sədərəkdə döyüşlər davam edir.