Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Kəlbəcər


Ötən 2 gün ərzində vəziyyətin gərginləşdiyi bölgələrdən biri Kəlbəcər olmuşdur. İyunun 1-də və 2–də ermənilər Ağdərə rayonunun azərbaycanlılar yaşayan Narıştar kəndini intensiv atəşə tutmuşlar. Düşmənlər atəşi davam etdirə-etdirə kəndə hücuma keçmişlər. Evlər vəhşicəsinə yandırılmışdır. Kəlbəcərin müdafiə qüvvələri düşmənə müqavimət göstərmişdir. Hazırda döyüşçülərimiz kəndi düşmənlərdən təmizləmək uğrunda vuruşurlar.
Dünən Kəlbəcərin Alaqaya kəndi ermənilər tərəfdən atəşə tuutlmuşdur. Döyüşlər zamanı kənd sakinlərindən biri şəhid olmuş, 3-ü isə yaralanmışdır.
İyunun1-2-si rayonun Söyüdlü məntəqəsi Ermənistanın Vardenis ərazisindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Mərcimək kəndi isə ermənilər yaşayan Marquşavan kəndi istiqamətindən atəşə məruz qalmışdır.
Dünən Ağdərə rayonunun Qozlu kəndi istiqamətindən Kəlbəcərin Qarabağla qonşuluqda yerləşən kəndləri də atəşə tutulmuşdur. Bağlıpəyə kəndinə bir neçə mərmi düşmüşdür. Laçın rayonunun Kəlbəcərlə qonşuluqda yerləşən Şam kəndinə ermənilər hücum etmişdir. Döyüşçülərimiz düşmənə ciddi müqavimət göstərmişdir. Ermənilər geri çəkilməyə məcbur olmuşlar. Düşmənin 2 əsgəri məhv edilmişdir.
Kəlbəcər rayonunun rəhbərliyi ilə Ermənistan nümayəndələri arasında 2 dəfə görüş keçirilmişdir. Hər iki tərəfin atəşlərə ara verməsi haqqında razılıq əldə edilmişdir.
Bu gün Kəlbəcərdə sakitlikdir.


Zəngilan


Neçə gündür ki, ermənilər rayonun Qafanla sərhəd kəndlərini atəşə tuturlar. Düşmənin cəhdlərinə baxmayaraq, Zəngilan müdafiə olunur. Müdafiə olunacaq da.
Dünənki məğlubiyyətdən nəticə çıxarmayan təcavüzkar ermənilər, bu gün saat 14-də yenidən Susən dağları istiqamətindən Seyidlər kəndini qumbaraatanlardan, avtomat və pulemyotlardan atəşə tutmağa başlamışlar. Düşmənə cavab atəşləri açılır. Döyüşlər gedir.


Cəbrayıl


Rayonda vəziyyət gərgin olaraq qalır. Dünən axşam rayonun Dolandar kəndi Hadrut ərazisindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur.


Ağdam


İyunun 2-də gecə saat 22:30-da Ağdam ətrafındakı postlarımız Əsgəran istiqamətindən toplardan, avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Yaqub Rzayevin başçılıq etdiyi müdafiə qüvvələri düşməni cavab atəşi ilə susdurmuşdur. Bu gün Ağdam ərazisində ara-sıra atəş səsləri eşidilsə də nisbi sakitlikdir.


Tərtər


Dünən axşamüstü saat 17:40-da ermənilər yaşayan Marquşavan kəndi istiqamətindən Tərtər şəhəri ZTR, PDM və raketlərdən atəşə tutulmuşdur. Atəşin ardınca ermənilər şəhərin üzərinə hücuma keçmişlər. Azərbaycan Ordusunun ərazi-müdafiə bölmələri düşmənin hücumunu dəf edərək, onu geri çəkilməyə məcbur etmişdir. Döyüşçülərimiz mövqelərdə möhkəm dayanmışlar.


Qubadlı-Laçın


Bu bölgədə güclü yağışlar yağdığına görə döyüşlər səngimişdir. Alınan məlumata görə Gorus və Qafan rayonlarının sərhəd kəndlərində yaşayan əhalisi arxa hissəyə köçürülür. Döyüşçülərimiz sayıqlığı artırırlar.


Goranboy


Bu gün səhər saat 11:10-da rayonun Gürzallar və Qazanbulaq kəndləri top atəşinə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.


Tovuz


Bu gün gündüz saat 14 radələrində rayonun Ağdam kəndi iriçaplı pulemyotlardan atəşə tutulmuşdur. Döyüşlər zamanı bizimkilərdən 1 nəfər şəhid olmuş, 1 nəfər isə ağır yaralanmışdır. Düşmənə cavab atəşi açılmışdır.
Səhər çağı rayonun Əlibəyli kəndi də qumbaraatanlardan atəşə məruz qalmışdır. Yerli müdafiə qüvvələri düşmənə cavab atəşi açmışlar. Başkənd istiqamətində ermənilərin zirehli texnikası və canlı qüvvələri cəmləşir.


Gədəbəy


Bu gün saat 15:40-da Başkənd gölünün ətrafındakı Şəmkir məntəqəsi avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Əsgərlərimiz düşməni geri oturtmuşdur.

 

Qazax


Rayonun Qızılhacılı kəndi avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Sərhəd kəndlərində ara-sıra atəş səsləri eşidilsə də, rayon ərazisində nisbi sakitlikdir. Döyüşçülərimiz mövqelərini möhkəmlətməkdə davam edirlər.

Naxçıvan


Naxçıvan Xalq Cəbhəsinin informasiya mərkəzindən aldığımız məlumata əsasən Muxtar Respublikada vəziyyətin gərginliyi nisbətən azalmışdır. Düşmənlər tərəfindən fasilələrlə Sədərək qəsəbəsi və onun ətrafındakı postlarımız avtomat və pulemyotlardan atəşə tutulur. Digər sərhəd bölgələrində isə nisbi sakitlikdir. Azərbaycan Ordusunun Naxçıvan bölmələri düşmənin qəfil hücumlarını dəf etmək üçün sayıqlığı artırırlar.

Füzuli rayonunda bu gün nisbi sakitlik olmuşdur.