Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


Dünən Şərur rayonunun Yuxarı Yayıçı və Havuş kəndləri düşmənlər tərəfindən ara-sıra atəşə tutulmuşdur. İyunun 1-də Sədərək döyüşlərində bizimkilərdən 4 nəfər yaralanmışdır. Yaralılardan 1 nəfər həlak olmuşdur. Bu gün Sədərəkdə gedən döyüşlərdə bizimkilərdən 1 nəfər həlak olmuşdur. Sədərəkdə fasilələrlə də olsa, döyüşlər gedir.
Xarxaç yüksəkliyində ermənilərin canlı qüvvəsi və zirehli texnikası cəmləşir.


Qubadlı


Dünən axşam saat 17-dən başlayaraq Qubadlı qəsəbəsinin mərkəzi və Ermənistanla sərhəd kəndləri düşmənlər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Atəşlər zamanı bizimkilərdən 1 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdır.
Bu gün saat 14-dən sonra rayonun Novlu kəndi Gorus ərazisindən PDM-lərdən atəşə tutulmuşdur. Fasilələrlə də olsa, erməni tərəf atəşi davam etdirir. Azərbaycan Ordusunun ərazi-müdafiə qüvvələri düşmənə cavab atəşi açırır.


Laçın


Laçının 6 kəndinin müdafiəsini öz üzərinə götürən qeyrətli sərkərdələrimizdən biri-Dağbəyi Məhyəddinovla telefon əlaqəsi saxlamışıq. O bildirdi ki, Qaraçalı batalyonunun döyüşçüləri düşmənin hücumlarını mərdliklə dəf edirlər. Hazırda Mazutlu kəndi uğrunda döyüşlər gedir. Düşmən nə qədər fitnəkar olsa da, döyüşçülərimiz mövqelərini igidliklə qoruyurlar. Düşmən qüvvələrinin əvvəlki üstünlüyü tamamilə zəiflədilmişdir. Döyüşlər davam edir. Laçın torpaqları yavaş-yavaş düşməndən təmizlənir.
Dünən Güləbrid, Səfiyan və Fərəcan kəndləri yenə də  düşmənlər tərəfindən atəşə tutulmuşdur. Buna baxmayaraq, əsgərlərimiz geri çəkilməmişdir. Döyüşlər gedir.


Zəngilan


Ötən gecə saat 19-21 arasında ermənilər böyük qüvvə ilə rayonun Seyidlər, Qazançı və Ağkənd kəndlərinə müxtəlif növ silahlardan atəş açaraq, hücumu genişləndirmişlər. Qazançı kəndi, xüsusilə intensiv atəşə tutulmuşdur. Azərbaycan Ordusunun ərazi-müdafiə qüvvələri düşmənə qarşı ciddi müqavimət göstərmişdir. Gərgin döyüşlər nəticəsində, bizimkilər düşmənin 4 əsgərini məhv etmiş, 15 əsgərini isə yaralamışlar. Düşmənlər geri çəkilməyə məcbur olmuşlar. Döyüş meydanında erməni əsgərlərindən 2-sinin meyidi qalmışdır. Düşmənin hücumu dəf edilmişdir. Bizimkilər tərəfdən təlafat olmamışdır. Zəngilan bölgəsində Ordumuz sayıqlığı artırmaqda davam edir.


Cəbrayıl


Dünən axşam rayonun Qışlaq kəndi Sur kəndi istiqamətindən PDM və pulemyotlardan atəşə məruz qalmışdır. Döyüşçülərimiz düşmənin atəş nöqtələrindən birini susdurmuşdur. Bu gün rayon ərazisində nisbi sakitlikdir.


Füzuli


Dünən gecə rayonun Qacar və Qaradağlı kəndləri düşmənlər tərəfindən atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur. Füzuli rayonundakı ərazi-müdafiə qüvvələri mövqeləri möhkəmləndirməkdə davam edirlər.


Tərtər



İyunun 1-də axşam rayonun Qapanlı və Qaradağlı kəndləri, Tərtər şəhəri Marquşavan kəndi istiqamətindən ara-sıra atəşə tutulmuşdur. Bu gün rayon ərazisində nisbi sakitlikdir. Döyüşçülərimiz düşmənin qəfil hücumlarını dəf etmək üçün sayıqlığı artırırlar.

Qalan bölgələrdə ara-sıra atəş səsləri eşidilsə də, nisbi sakitlik olmuşdur.