Naxçıvan
Naxçıvanda vəziyyət gərgin olaraq qalır. Bu gün Sədərək qəsəbəsi Ermənistan ərazisindən avtomatlardan, pulemyotlardan, minaatanlardan və qısa fasilələrlə toplardan atəşə tutulmuşdur. Düşmənə Ordumuz cavab atəşi açmışdır. Sədərəkdə döyüşlər davam edir.
Şərur rayonunun Havuş kəndi ətrafındakı müdafiə postumuz düşmənlər tərəfindən toplardan atəşə tutulmuşdur. Eyni zamanda Çağazur kəndi də avtomat və pulemyotlardan atəşlərə məruz qalmışdır. Döyüşlər saat 13-dən sonra ara vermişdir. Azərbaycan Ordusunun ərazi-müdafiə qüvvələri düşmənə cavab atəşi açmışlar.
Laçın
Bu gün Laçın başdan-başa barıt qoxusuna bürünüb. MDB-nin 7-ci Ordusunun qüvvələri ilə birləşən erməni silahlı dəstələri bu bölgəni təslim etmək üçün var gücü ilə mübarizə aparır. Mayın 30-da düşmənlər ələ keçirdikləri Mazutlu yüksəkliyindən (kənd Laçın rayonuna məxsusdur) Güləbrid kəndini “Qrad” qurğularından intensiv atəşə tutmuşdur. Kəndə 30-a yaxın mərmi düşmüşdür. Tələfat olmamışdır. Dağıntı vardır. Səfiyan kəndinin müdafiəçilərindən 2 nəfər yaralanmışdır.
Mayın 31-də saat 16-da Mazutlu kəndi yüksəkliyindən Güləbrid yenidən “Qrad” qurğularından atəşə tutulmuşdur. Saat 18-də Ermənistanla Güləbrid kəndi arasında yerləşən postumuz Gorusun Dığ, Xndzoresk və Kornidzor kəndləri istiqamətindən toplardan və “Qrad” tipli qurğulardan intensiz atəşə məruz qalmışdır. Atəşin ardınca, düşmənlər 1 ZTR və 1 PDM-dən istifadə edərək piyada qüvvələrlə postumuza hücuma keçmişlər. Azərbaycan Ordusunun ərazi-müdafiə bölmələri düşmənlərin hücumunu dəf etmişlər. Ermənilər geri qaçmağa məcbur olmuşlar. Düşmənin 1 ədəd “Qrad” tipli qurğusu məhv edilmişdir.
Bu gün döyüşçülərimiz bir kəndi də murdar düşmənlərdən təmizləmişlər. Düşmənə qarşı mübarizə davam edir. Bu gərgin və ağır vuruşmalarda Gəncə batalyonunun reyd dəstəsi və dəstənin başçısı Elşən bəy, Güləbrid müdafiə qüvvələrinin komandiri Vaqif Cabbarov xüsusi mərdlik göstərmişlər.
Mayın 24-də döyüşlər zamanı öldürülən 3 erməninin meyidi Laçından aparılmış 6 qadınla dəyişdirilmişdir.
Laçın bölgəsində indi nisbi sakitlikdir. Döyüşçülərimiz mövqelərini möhkəmləndirirlər.
Qubadlı
Dünən saat 16-dan başlayaraq gecə saat 22-dək rayonun Yazı Düzü-Gorus Xındzoresk istiqamətindən, Əyin, Çardaxlı, Xələc, Dəmirçilər, Dondarlı kəndləri və Qubadlı qəsəbəsinin özü Qafan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Əyin kəndində 1 uşaq və 1 qadın yaralanmışdır. Azərbaycan Ordusunun ərazi-müdafiə qüvvələri düşmənə cavab atəşləri açmışdır. Bu gün Qubadlıda nisbi sakitlik yaranmışdır.
Zəngilan
Dünən rayonun Qazançı kəndi saat 19-dan 22-dək toplardan atəşə tutulmuşdur. 1 nəfər döyüşçümüz yüngül yaralanmışdır.
Həmin vaxt Qafan ərazisindən Sarılıxoştəb kəndi də avtomat və pulemyotlardan atəşə məruz qalmışdır. Azərbaycan Ordusunun yerli müdafiə qüvvələri düşmənə qarşı cavab tədbirləri görmüşlər.
Cəbrayıl
Dünən rayonun Qışlaq, Ağcakənd və Dolanlar kəndləri Qarabağın ermənilər yaşayan Tuğ və Sur kəndləri ərazisindən atəşə tutulmuşdur. Tələfat olmamışdır. Döyüşçülərimiz düşmənə cavab atəşi açmışlar.
Füzuli
Mayın 31-də gecə saat 20:30-dan 21-dək Füzuli şəhəri “Qrad” tipli qurğulardan intensiv atəşə tutulmuşdur. Şəhərə 3 ədəd mərmi düşmüşdür. Bölgədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusunun ərazi-müdafiə qüvvələri düşmənə cavab atəşi açmışdır. Əsgərlərimiz düşmənin hücumlarını dəf etmək üçün mövqelərdə möhkəm dayanmışdır.
Ağdam
Dünən rayonun Gülablı, Şelli, Papravənd və digər ermənilər yaşayan məntəqələrlə yaxınlıqda yerləşən kəndləri toplardan və zirehli texnikalardan atəşə tutulmuşdur. Bu gün bölgədə nisbi sakitlik olmuşdur. Döyüşçülərimiz düşmənin həmlələrini dəf etmək üçün sayıqlığı artırırlar.
Tərtər
Mayın 31-də axşamüstü saat 18-də rayonun Qoşunlu kəndi Ağdərənin Talış kəndi istiqamətindən tanklardan atəşə tutulmuşdur. Tananlı və Qaradağlı kəndləri isə Karmirovan kəndi ərazisindən atəşə məruz qalmışdır. Dünən saat 21-də Marquşavan kəndindən Tərtərin mərkəzi atəşə tutulmuşdur. Tələfat olmamışdır. Azərbaycan Ordusunun ərazi-müdafiə bölmələri düşmənə cavab atəşləri açmışdır.
Goranboy
Dünən gecə rayonun Todan və Sarısu kəndləri ermənilər yaşayan Erkəç kəndi ərazisindən tanklardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Tovuz
Dünən gecə saat 24-dən 2-yədək rayonun Əlibəyli, Orşaq və Muncuqlu kəndləri fasilələrlə atəşə tuutlmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Gədəbəy
Başkəndin şimal-qərb hissəsindəki yüksəkliyə ermənilər artilleriya qüvvələri yerləşdirmək istəyirlər. Düşmənin hərəkətləri döyüşçülərimizin nəzarəti altına alınmışdır. Gədəbəy müdafiə qüvvələri mövqelərdə möhkəm dayanmışdır.
Qazax
Dünən axşamdan başlayaraq bu gün səhər saat 7-yədək rayonun Qızıl-Hacılı, Böyük Cəfərli, Bala Cəfərli və Fərəhli kəndləri İcevan ərazisindən minaatanlardan, PDM-lərdən və pulemyotlardan atəşə tutulmuşdur. Bizimkilərdən 4 nəfər yüngül yaralanmışdır. Azərbaycan Ordusunun Qazax müdafiə bölmələri düşmənə cavab atəşləri açmışlar. Əsgərlərimiz düşmənin qəfil qücumlarını dəf etmək üçün sayıqlığı artırırlar.
Kəlbəcər
Dünən saat 18-də Ağdaban məntəqəsi reaktiv mərmilərlə atəşə tutulmuşdur. Sonra ermənilər moto-atıcı rotanın köməyi ilə məntəqəni tutmaq üçün hücuma keçmişlər. Kəlbəcər müdafiə qüvvələri düşmənə ciddi müqavimət göstərmiş, onu geri çəkilməyə məcbur etmişdir. Ağır döyüşlər zamanı bizimkilərdən 4 nəfər yaralanmışdır. 1 nəfər döyüşçümüz həlak olmuşdur. Döyüşçülərimiz düşmənin qarşısında möhkəm dayanmışlar.