Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

ZƏNGİLAN


Mayın 31-də axşam saat 8-dən iyunun 1-i gecə saat 1-ə kimi rayonun Qazançı və Seyidlər kəndləri əvvəlcə toplardan sonra isə pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb. Zərərçəkən yoxdur.


Qubadlı-Laçın


Dünən mayın 31-də axşam saat 17-dən 23-dək rayonun Ermənistanla sərhəd boyu Əliquluuşağı, Novlu, Əyin, Tarovlu və Çardaxlı kəndləri “Qrad” qurğulardan, tanklardan və toplardan atəşə tutulub. Rayon mərkəzinə 40-dək mərmi düşüb. Ciddi dağıntı və zərərçəkən yoxdur.

 

Cəbrayıl


Qarabağın ermənilər yaşayan Tuğ və Sur kəndləri ilə rayonun Qışlaq, Ağkənd və Dolanlar kəndləri arasında atışma olub. Bizim tərəfdən zərərçəkən olmamışdır.


Tərtər


Mayın 31-də axşam saat 18-də rayonun Qoşunlu kəndi Ağdərənin ermənilər yaşayan Talış kəndi tərəfdən atəşə tutulub.
Rayonun Qafanlı və Qaradağlı kəndləri ilə ermənilər yaşayan Karmirovan kəndi arasında atışma olub.
Dünən axşam saat 9-da Ağdərənin Marquşavan kəndi ilə Tərtər ətrafındakı postlar arasında da qısa atışma olub. Bizim tərəfdən xəsarət alan olmamışdır.


Goranboy


Gecə rayonun Todan və Sarısu kəndləri ermənilər yaşayan Erkəç kəndi tərəfdən tankdan atəşə tutulmuşdur.


Gədəbəy


Sakitlikdir. Əlimizdə olan digər məlumata görə bu aldadıcı sakitlikdir. Ermənilər Başkənddəki şimal-qərbdə yerləşən yüksəkliyə artilleriya vasitələri çıxarırlar. Bu tədbir onlara ətraf kəndləri o cümlədən Tovuzun Gədəbəyə yaxın kəndlərini atəşə tutmağa imkan verəcək.

 

Tovuz


Dünən mayın 31-də axşam Əlibəylidəki postlarla Ermənistanın sərhəd postları arasında atışma olub. Bizim tərəfdən zərərçəkən olmamışdır.


Qazax


Rayonun Böyük Cəfərli, Bala Cəfərli, Fərəhli və Qızıl Hacılı kəndləri Ermənistan tərəfdən PDM, minaatan və pulemyotlardan bu gün səhər saat 7-dək atəşə tutulub. Atışma vaxtı 4 nəfər yüngül yaralanıb.