Son günlər cəbhə xəttində əsaslı dəyişikliklər baş verməyib. Döyüş əməliyyatlarının hər iki tərəfdən məhdudlaşdırılmasına baxmayaraq ümumi gərginlik qalmaqdadır. Azərbaycan Ordusunun bölmələri tutduğu mövqelərdə möhkəmlənərək əməliyyat şəraitinə tam nəzarət edirlər.
Respublikamızın şimal-qərb sərhədlərində düşmən ötən gecə sakitliyi pozub. Fevralın 1-nə keçən gecə Qazaxın Fərəhli kəndinə Ermənistanın Şavarşavan kəndi səmtindən qumbaraatanlardan mərmilər atılıb. Ötən gecə və bu gün saat 11-dən 13:30-dək Gədəbəy rayonunun İsgəndər qalası deyilən sahədə mövqelərimiz Keçəldağ istiqamətindən iriçaplı pulemyotlardan atəşə tutulub. Bütün hallarda dağıntı və zərərçəkənlər olmayıb. Bu gün, fevralın 1-də Qazax rayonunun Kəmərli kəndi istiqamətindəki mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub.
Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl bölgələrində ötən gecə ərzində əsasən sakitlik olub.
Dəvəçi rayonu Ağalıq kəndi şəhid Elman Mütəllimov adına orta məktəbin kollektivi Qarabağda vuruşan əsgərlərimizə yardım məqsədilə Müdafiə fonduna 36 min pul və 122 cüt yun corab gətirmişlər. Müdafiə Nazirliyi həmin məktəbin kollektivinə öz minnətdarlığını bildirir.