Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən, fevralın 22-də Ağdam və Xocavənd rayonları istiqamətində döyüşlərin getdiyi barədə xəbər vermişdik. Ağdamın Şelli kəndi yaxınlığında gedən döyüşlərdə əsgərlərimiz düşmənin 1 tankını vurub sıradan çıxararaq onun irəliləməsinin qarşısını almış və düşməni geri dönməyə məcbur etmişlər. Elə həmin gün Xocavənd səmtində SQ-mizin bölmələri döyüş əməliyyatı keçirərək Nərgiztəpə yüksəkliyinə nəzarəti yenidən bərpa etmişlər.
Fevralın 23-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu döyüşlər bir qədər səngisə də, cəbhənin ayrı-ayrı hissələrində əsasən artilleriya atışması qeydə alınıb.
Ağdərə bölgəsində əməliyyat şəraitində əsaslı dəyişiklik olmayıb. Düşmənin Mehmanə kəndi yaxınlığındakı mövqeləri topçularımız tərəfindən atəşə tutulub. Ağdam istiqamətində isə Xramort kəndi səmtində mövqe döyüşləri davam edib. Füzuli bölgəsində yerləşən topçu hissələrimiz düşmənin 2 tankının köməyilə Qızılqaya yüksəkliyində yerləşən mövqelərimizə hücum etmək cəhdinin qarşısını alıb. Sərrast atəşlə düşmənin 1 tankı yandırılıb, 2-cisi isə zədələnərək sıradan çıxarılıb.
Ötən gecə Gədəbəy, Zəngilan, Ağstafa rayonlarının sərhəd məntəqələri və Naxçıvan MR-nın Kilid postu Ermənistan ərazisindən atəşə tutulub.
Digər münaqişə bölgələrində gün ərzində sakitlik olub.