Fevralın 22-nə keçən gecə Ağdərə bölgəsində vəziyyət gərgin olaraq qalıb. Səhər saat 5-dək Silahlı Qüvvələrimizin bölmələri düşmənin fasiləsiz hücumlarını dəf ediblər.
Bu gün Ağdam cəbhəsində də əməliyyat şəraiti dəyişib. Səhər saat 8 radələrindən başlayaraq erməni işğalçıları Əsgəran-Naxçıvanik-Qarakənd səmtindən Şelli və Erki məntəqələri istiqamətində hücuma keçiblər. Əsgərlərimiz düşmənin Erkiyə hücumunun qarşısını alıblar. Hazırda Şelli kəndi yaxınlığında ağır döyüşlər gedir. Bu hücumla eyni vaxtda Ağdam rayonunun ərazisi Qarabağın işğal olunmuş kəndləri tərəfdən artilleriya atəşinə tutulub.
Digər münaqişə bölgələrində gecə sakit keçib.