Qarabağın şimalında gərgin döyüşlər davam etsə də, ötən gecə əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib. Dünən axşam Drmbon istiqamətindən hərəkət edən düşmən qüvvələrinin qarşısı alınıb. Bu istiqamətdə düşmənin 1 tankı və bir neçə avtomaşını məhv edilib.
İşğalçı Ermənistan ordusu Ağdərə bölgəsinə hücuma keçdiyi gündən bu bölgəyə Analitik informasiya mərkəzinin əməkdaşları ezam olunmuş və onlar da hər gün döyüşlərin gedişi haqqında məlumat vermişlər. Cəbhənin bu hissəsindəki vəziyyəti daha dəqiq öyrənmək məqsədilə mərkəzin bir qrup əməkdaşı yenidən Ağdərəyə yola düşmüşdür. Əməkdaşlarımız dünən Sərsəng su bəndinin şimalında yerləşən Aterk yaşayış məntəqəsinə gələrək bu istiqamətdəki mövqelərimizin vəziyyəti ilə tanış olmuş, bu məntəqəyə və yola döyüşçülərimiz tərəfindən nəzarət olunduğuna əmin olmuşlar. Bu gün Sərsəng su hövzəsinin cənubundakı vəziyyətlə tanış olmaq nəzərdə tutulub. Bu istiqamətdə yerləşən Mehmanə kəndi və ətraf yüksəkliklərə döyüşçülərimiz nəzarət edirlər. Vəziyyətlə ətraflı tanış olduqdan sonra əməkdaşlarımız Müdafiə Nazirliyində mətbuat konfransı keçirəcək və jurnalistlərə bu bölgədə baş verən hadisələr barədə daha dolğun məlumat verəcək və cəbhə xəttində çəkilmiş videomaterialları təqdim edəcəklər.