Son vaxtlar Ermənistan silahlı qüvvələri öz qəsbkarlıq niyyətlərini həyata keçirmək üçün həm işğal etdikləri ərazilərdən, həm də Azərbaycanla sərhəddə yerləşən bölgələrindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə həmlələr edirlər. Bununla da onlar hərbi təşəbbüsü öz əllərinə almaq ümidindədirlər. Düşmənin Tovuz rayonunun ərazisinə daxil olmaq cəhdləri və son günlər isə Füzuli cəbhəsindəki hücumları bu qəbildəndir. Azərbaycan Ordusunun və daxili qoşunlarımızın hissələri düşmənin bu niyyətlərini puça çıxarır və ona sarsıdıcı zərbələr vururlar.
Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Ağstafa və Tovuz rayonlarında yerləşən bölmələri son günlər ələ keçirdikləri mövqeləri möhkəm qoruyurlar. Düşmən bu mövqeləri bütün silah növlərindən şiddətli atəşə tutsa da məqsədinə nail ola bilmir. Döyüşçülərimiz düşmənin atəş nöqtələrini məharətlə susdururlar.
Düşmənin Füzuli istiqamətindəki hücumunun da qarşısı alınıb. Döyüşçülərimiz əks-hücum nəticəsində düşməni Aşağı Veysəlli kəndindən və Qızıl qaya yüksəkliyindən tamamilə vurub çıxarıblar. Hazırda Dərdlər kəndinin azad edilməsi uğrunda gərgin döyüşlər gedir.