Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Qışın düşməsi, çoxlu qarın yağması təbii olaraq döyüşçülərimizin həyat şəraitini ağırlaşdırır, döyüş texnikasının hərəkətini, monevr etməsini, Hərbi Hava Qüvvələrinin işini çətinləşdirir.
Çətinliklərə baxmayaraq, düşmənin son 2 həftə ərzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy istiqamətlərində hücuma keçərək hər hansı bir ərazini tutmaq cəhdləri tamamilə boşa çıxmışdır.
Dünən, yanvarın 4-də 11 tankın köməyilə Füzuli istiqamətində güclü hücuma keçən və Aşağı Veysəlli kəndinə girməyə müvəffəq olan erməni silahlı birləşmələrinin cəhdləri də baş tutmayıb. Azərbaycan Milli Ordusunun hissələri ermənilərin bu hücumunun qarşısını alaraq Aşağı Veysəlli kəndini tamamilə azad etmiş, düşməni xeyli geriyə atmışlar.
Oktyabr ayında Laçın dəhlizini xeyli genişləndirə bilən erməni işğalçıları bir neçə yol vasitəsilə Qarabağa çoxlu sayda canlı qüvvə və texnika keçirməyə başlamışdılar. Bu da Qarabağda vuruşan döyüşçülərimizin vəziyyətini xeyli ağırlaşdırırdı. Çoxlu qarın yağması nəticəsində Laçın yolunda hərəkət xeyli çətinləşdiyindən ermənilər daha cənubda yerləşən və Gorus, Xtsabert, Domı və Qırmızı Bazar məntəqələrini birləşdirən yoldan istifadə edirdilər. Bu gün yanvarın 5-də döyüşçülərimiz bu yolun yaxınlığındakı yüksəklikləri ələ keçirərək ermənilərin hərəkətinin qarşısını alıblar. Beləliklə, düşmən hazırda Qarabağla əsasən hava yolu ilə əlaqə saxlayır. Bizim Hava Hücumundan Müdafiə Qüvvələri isə son bir ay ərzində düşmənin 7 vertolyotunu və 1 təyyarəsini məhv ediblər. Döyüşçülərimiz Azərbaycanın səmasını bundan sonra da möhkəm qorumaq əzmindədirlər.
Bu gün səhər saat 8-də erməni silahlı birləşmələri Zəngilan rayonunun Kolluqışlaq kəndi istiqamətində hücum cəhdi göstəriblər. Saat 15-ə kimi düşmənin əsas qüvvələri döyüşçülərimiz tərəfindən tamamilə darmadağın edilib. Döyüş meydanında 12 meyidini qoyan ermənilər öz əvvəlki mövqelərinə qədər geri oturdulublar.