Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Xəbər verdiyimiz kimi, Ermənistan müdafiə naziri hərbi əməliyyatları genişləndirəcəyi ilə Azərbaycanı hədələyərək onu sülh danışıqlarına məcbur edəcəyini bildirmişdir. Lakin erməni silahlı qüvvələrinin bütün hücum cəhdləri boşa çıxır.
Aldığımız məlumata görə Füzuli, Qubadlı və Zəngilanda müvəffəqiyyətsizliyə uğrayan erməni silahlı birləşmələri Laçın rayonunda da məğlub olublar. Dünən, səhər saat 8-də düşmən Təzəkənd və Haqnəzər  kəndlərini işğal etmək üçün hücum etmişdir. Bütün günü davam edən döyüşlər nəticəsində ermənilərin əsas qüvvələri darmadağın edilib. Təzəkənd və Haqnəzər kəndlərinə döyüşçülərimiz nəzarət edirlər. Bu döyüş zamanı düşmənin 60-a qədər əsgəri məhv edilmiş və xeyli miqdarda silah və hərbi sursat qənimət kimi ələ keçirilmişdir. Düşmən yeni itkilər verərək geri çəkilir.
1992-ci ilin sonu və 1993-cü ilin əvvəlində ən gərgin vəziyyət Qazax, Ağstafa, Tovuz və Gədəbəyin sərhədlərində olmuşdur. Bu rayonlarda yerləşən Azərbaycan Milli Ordusunun birləşmələri sərhəddə yerləşən kənd və şəhərlərimizin təhlükəsizliyini təmin etmək, Ermənistan ərazisindəki düşmənin atəş nöqtələrini susdurmaq məqsədi ilə qonşu dövlətin ərazisində yerləşən bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçiriblər. Berd-Ağstafa istiqamətində yerləşən yüksəkliklərdən biri Ağstafa və Şəmşəddin rayonlarına nəzarət etməyə imkan yaratmaqla bərabər, İcevan və Şəmşəddin məntəqələrini birləşdirən yolu da bağlayır. Dünən səhər erməni milli ordusunun hissələri bu yüksəkliyi ələ keçirmək üçün hücuma keçmişdilər. Ermənilərin bu hücumu da tam iflasa uğrayıb. Düşmən döyüş meydanın da 30-a qədər meyid qoyaraq geri çəkilib. Təəccüb doğuran o idi ki, hücumda iştirak edən erməni döyüşçüləri bir-biri ilə kəndirlə bağlanmışdılar.
Dünya hərb tarixində əsgərlərin kəndir və zəncir vasitəsilə toplara və bir-birinə bağlanması halları yaxşı məlumdur. Adətən öz əsgərlərinə inanmayan və onların ordudan qaçmasının qarşısını almaq istəyən ölkələrdə bu üsul tətbiq olunur. Bu üsuldan 1945-ci ildə azyaşlı alman uşaqlarını pulemyotlara bağlamaqla Hitler Almaniyası istifadə etmişdir. Bizim ölkəmizə qarşı apardığı müharibədə ilk dəfə bu üsuldan istifadə edən ermənilər öz əsgərlərinə inanmadıqlarını göstərirlər.
Əsgərlərin bu cür bir-birinə bağlanmasının başqa səbəbi də ola bilər. Məlumdur ki, erməni milli ordusunun apardığı döyüş əməliyyatlarında 7-ci rus ordusunun hərbi qulluqçuları da iştirak edir. Onların meyidlərinin ələ keçməməsi üçün bu cür bağlanma bu meyidlərin döyüş zonasından asanlıqla çıxarılmasına imkan yaradır.
Düşmənin bu hiyləsi də bir nəticə verməmişdir. Döyüşçülərimiz tutduqları bütün yüksəkliklərə nəzarət edirlər. Düşmən burada tam məğlubiyyətə uğramışdır.
Təcavüzkar düşmənə qarşı bu cür qanlı müharibə şəraitində Azərbaycan Milli Ordusu formalaşır.