Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan SQ-nin Tovuz rayonunda yerləşən bölmələri əsl fədakarlıq göstərərək ələ keçirdikləri yüksəklikləri öz əllərində saxlayırlar. Son zamanlara qədər bu yüksəkliklərdən Tovuz, Qazax və Ağstafa rayonlarının yaşayış məntəqələri müntəzəm surətdə atəşə tutulurdu. Bu yüksəkliklərin ələ keçirilməsi Azərbaycan sərhədinə döyüş texnikasının, hərbi sursatın gətirilməsini təmin edən və Ermənistan ərazisindən keçən yeganə yola nəzarət etməyə imkan verir.
Bu yüksəkliklərin əldə saxlanması uğrunda gedən döyüşlərdə baş leytenant Ələkbərov Şaiq Bəhmən oğlu, baş serjant Vəliyev Mehman Zöhrab oğlu, praporşik Heydərov Təbiət Qəzənfər oğlu xüsusilə fərqləniblər. Nə qədər ağır olsa da bildirməliyik ki, 6 igid döyüşçümüz – sıravi Nuriyev Zabit Şamil oğlu, sıravi Mirzəəliyev Zülfiqar Bəkir oğlu, sıravi Məmmədov Məmməd Zahid oğlu və sıravi Ömərov Məhəmməd Vahid oğlu bu döyüşlərdə qəhrəmancasına həlak olublar.
Biz şəhid olan igidlərimizin ailələrinə və qohumlarına dərin hüznlə başsağlığı veririk. Əlbəttə, oğlunu itirən və qəm içində olan ananı heç nə ilə ovundurmaq olmaz. Əziz analar, Sizin böyütdüyünüz mərd oğullar Vətən qarşısında öz borclarını şərəflə yerinə yetiriblər. Onların əziz xatirəsi heç bir zaman yaddan çıxmayacaq. Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün, yanvarın 6-da səhər saat 10 radələrində Füzuli rayounda yerləşən Azərbaycan Ordusunun bölmələri ermənilərin işğal etdikləri Dərdlər kəndini tamamilə azad ediblər. Bir qədər əvvəl isə Aşağı Veysəlli kəndi və Qızılqaya yüksəkliyi düşmənlərdən təmizlənmişdi.
Yanvarın 6-da səhər düşmən Zəngilan rayonunun Kolluqışlaq kəndi istiqamətində dövlət sərhədimizi pozmağa cəhd göstərərək hücuma keçmişdi. Döyüşə atılan əsgərlərimizin təzyiqi altında ermənilər 12 meyidini döyüş meydanında qoyaraq geri çəkiliblər.
Gün ərzində aparılan döyüş əməliyyatları nəticəsində ermənilərin 40-a qədər əsgəri məhv edilib.
Bu gün günortadan sonra Qazax rayonunun Köhnəqışlaq kəndinin yaxınlığındakı mövqelərimiz və Zəngilan rayonunun Şayıflı kəndi atəşə məruz qalıb.