Son həftə ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə uğurlu əməliyyat keçiriblər. Laçın rayonunun Yuxarı Fərəcan, Haqnəzər və Təzəkənd kəndləri işğalçılardan azad edilib. Laçın rayonunun erməni işğalı altında olan ərazisinin tamamilə azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları davam edir. Son günlər təcavüzkar erməni ordusu Füzuli istiqamətində öz işğalçılıq hərəkətlərini xeyli artırmışdır. Erməni komandanlığı Martuni-Hadrut xətti boyunca xeyli qüvvə cəmləyib. Düşmənin Füzuli rayonunun Aşağı Veysəlli kəndinə yanvarın 4-də etdiyi həmləsini bu istiqamətdə hazırlanan böyük hücumdan əvvəlki kəşfiyyat xarakterli döyüş hesab etmək olar. Bunu nəzərə alan Azərbaycan SQ-nin komandanlığı bütün zəruri tədbirləri görür. Yanvarın 7-də düşmənin bir neçə istiqamətdə yerləşən canlı qüvvə və texnika cəmləşmələrinə artilleriya zərbəsi endirmək haqda əmr verilmişdir. Bu zərbə nəticəsində Hadrut rayonunda ermənilərin xeyli canlı qüvvəsi qırılıb. Eyni zamanda düşmənin 1 tankı və 2 topu məhv edilib.
Yanvarın 8-də ermənilərin 4 tank, əsgərlərlə dolu bir KAMAZ maşını artilleriyanın köməyi ilə Qızılqaya yüksəkliyi yaxınlığındakı mövqelərimizə doğru irəliləyiblər. Bizim topçuların sərrast atəşi erməni işğalçılarını geri qayıtmağa məcbur edib.
Yanvarın 7-də Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinin daha bir vertolyotunu işğal olunmuş Dovşanlı-Araçadzor kəndi üzərində vurublar. Vertolyot göydə alışaraq yanmış və onun qırıntıları kəndin yaxınlığında yerə düşmüşdür.