Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli cəbhəsində yerləşən mövqelərimizə yeni həmlələr etsələr də, heç nəyə nail olmayıblar. Dünən düşmən Yuxarı Veysəlli – Qızılqaya istiqamətində hücuma keçərək irəliləməyə cəhd göstərib. 3 saat ərzində gedən döyüşlərdən sonra ermənilər geri oturdulub. Döyüş zamanı düşmənin mühüm postlarından biri dağıdılıb, ermənilərin 2 tankı, 1 topu, 1 URAL markalı avtomaşını və 20-dən çox əsgəri məhv edilib.
Laçın istiqamətində uğurlu hücum əməliyyatlarını davam etdirən Ordumuzun Qubadlı bölgəsindəki bölmələri yanvarın 10-da Laçın rayonu ərazisindəki Qızqəbri adlanan sahəni düşmənlərdən təmizləyiblər.
Dünən axşam Zəngilan bölgəsində yerləşən mövqelərimiz Ermənistanın Qafan rayonu ərazisindən və işğal olunmuş Seyidlər kəndi istiqamətindən atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Bu gün axşama yaxın Ağstafa rayonunun Köhnəqışlaq kəndi yaxınlığındakı mövqelərimiz toplardan ara-sıra atəşə tutulub.
Cəbhənin digər sahələrində nisbi sakitlikdir.