Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Silahlı Qüvvələrimizin bölmələri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüş əməliyyatlarını davam etdirirlər.
Düşmənin nəticəsiz həmlələrindən sonra fəallığı xeyli azalmışdır. Bu da Azərbaycan Ordusu hissələrinin tutduqları mövqelərdə möhkəmlənməyə və düşməni bütünlüklə respublikamızın ərazisindən qovulması üçün lazımi əməliyyatlar aparmağa şərait yaradır.
Yanvarın 11-də ermənilərin Ağstafa rayonunun Köhnəqışlaq kəndi istiqamətindəki mövqelərimizi aramsız artilleriya atəşinə tutmaq cəhdi axşama yaxın tamamilə boşa çıxıb. Sərrast atəşlə düşmənin mövqeləri darmadağın edilib.
Yanvarın 12-nə keçən gecə respublikamızın şimal-qərbində yerləşən, SQ-mizin nəzarəti altında olan strateji yüksəkliklərin ermənilər tərəfindən ələ keçirilməsi cəhdi bir daha boşa çıxıb.
Düşmənin Füzuli rayonu ərazisini atəşə tutmasına cavab olaraq Qarabağın cənubunda yerləşən topçularımız ermənilərin keçmiş Hadrut rayonu istiqamətindəki hərbi birləşmələrinə güclü artilleriya zərbəsi endirmişlər. Düşmən canlı qüvvə və texnika sarıdan xeyli itki vermişdir.
Bu gün Ermənistan hərbi hava qüvvələrinin 3 döyüş vertolyotu respublikamızın hava sərhədlərini Kəlbəcər rayonu ərazisində pozmuşdur. Bu vertolyotlardan biri səhər saat 11:20-də keçmiş Ağdərə rayonunun Vəngli kəndi üzərində respublikamızın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilmişdir. Digər iki vertolyot isə respublikamızın ərazisini tərk etməyə məcbur olmuşdur. Axır ay yarım ərzində düşmənin artıq 11 vertolyotu və 1 təyyarəsi məhv edilib.