Bütün cəbhə boyu əməliyyat şəraitində dönüş yarada bilməyən işğalçı erməni ordusu heç bir hərbi strateji əhəmiyyət kəsb etməyən yaşayış məntəqələrimizi atəşə tutur. Belə ki, yanvarın 12-də Füzuli şəhəri bir saat ərzində tanklardan və Qrad qurğularından atəşə məruz qalıb. Nəticədə yaralananlar var. Bu vəhşiliyə cavab olaraq Füzuli cəbhəsində yerləşən bölmələrimiz bu gün, yanvarın 13-də səhər Xocavənd və Yuxarı Veysəlli istiqamətlərindəki düşmən mövqelərinə sarsıdıcı zərbələr endiriblər. 6 saat ərzində gedən döyüşlər nəticəsində erməni ordusunun 4 möhkəmləndirilmiş istehkamı darmadağın edilmiş, 20-ə qədər əsgəri öldürülmüşdür. Düşmənin müqavimətini qırmaq üçün Azərbaycan SQ-nin Baş Komandanlığı əlavə tədbirlər görür.
Artıq bir neçə həftədir ki, Ermənistan silahlı qüvvələri Respublikamızın şimal-qərb sərhədlərindəki mövqelərimizə müntəzəm olaraq atəş açaraq onları ələ keçirməyə can atır. Lakin Ordumuzun bu istiqamətdə yerləşən bölmələri hər dəfə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edir. Düşmənin müqavimətini tamamilə qırmaq üçün Azərbaycan SQ-nin Baş Komandanlığı əlavə tədbirlər görür.
Azərbaycanın xeyli ərazisini işğal altında saxlayan Ermənistan ordusunun döyüşçüləri yerli əhali ilə amansızcasına rəftar edirlər. Bu səbəbdən işğal edilmiş ərazilərdə yaşamış azərbaycanlılar, ruslar, kürdlər və bir sıra başqa xalqların nümayəndələri buradan tamamilə qovulmuşdur. Yerli erməni əhalisinin Ermənistan Respublikasının silahlı qüvvələrindən narazılığı da xeyli artmışdır. Bu da onların arasında tez-tez silahlı münaqişələrə səbəb olur. Yerli erməni əhalisi ərzaqın çatışmaması üzündən öz məskunlaşdıqları yerləri tərk edərək başqa ölkələrə getməyə can atırlar. Əgər belə getsə, yaxın müddətdə Qarabağın işğal olunmuş ərazisində yerli əhalidən heç kim qalmayacaq.