Yanvarın 14-ü və 15-də Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş torpaqlarında şiddətli döyüşlər gedib. Düşmənin atəş nöqtələrini susdurmaq məqsədi ilə Azərbaycan SQ-nin hissələri uğurlu əməliyyatlar aparırlar.
Füzuli cəbhəsində vuruşan Azərbaycan Ordusu hissələri ağır döyüşlər aparmaqlarına baxmayaraq strateji əhəmiyyətli Qızılqaya və Uryandağ yüksəkliklərini öz əllərində saxlayırlar. Buradakı döyüşlər nəticəsində düşmənin 2 tankı, 1 PDM-i məhv edilib, 10 əsgəri öldürülüb və 60-dan çox döyüşçüsü yaralanıb.
Etibarlı mənbələrdən alınan məlumata görə, Ermənistan SQ-nin komandanlığı mövqelərini tərk edən və əmrləri yerinə yetirməyənlər üçün cəza tədbirlərini gücləndirib. Bu ilk növbədə döyüş dəstələrinin komandirlərinə aid edilir. Qızılqaya və Uryandağ yüksəkliklərindəki mövqelərini əldən verən erməni bölməsinin komandirinə belə bir xəbardarlıq edilib ki, əgər o, bu yüksəklikləri geri qaytarmazsa, yerindəcə güllələnəcək.
Azərbaycan Ordusunun hissələri Laçın rayonunun da erməni qəsbkarlarından azad edilməsi üçün əməliyyatları davam etdirirlər. Səfiyan və Yuxarı Fərəcan yaşayış məntəqələrinin şimalında mövqe döyüşləri gedir. Düşmən Zerti və Mollalar kəndləri istiqamətində böyük müqavimət göstərir.
İşğal zonasında qüvvələrinin tükəndiyini görən düşmən Ermənistandan həm Laçın yolu ilə, həm də hava yolu ilə silah, hərbi sursat və ərzaq gətirməyə çalışır. Lakin indiki şəraitdə ermənilərin bu cəhdləri boşa çıxır.
Tovuz-Qazax sərhəd xəttində də şiddətli mövqe döyüşləri gedir. Bu gün Ağstafa-Qazax ərazisində, Ermənistanla sərhəd xəttində yerləşən Şavar-Şavar kəndində düşmənin 1 PDM-i, Aşağı Əskipara kəndinin Ermənistanla sərhəd xəttindəki döyüş mövqeyində isə düşmənin 1 tankı və 1 ədəd D-30 markalı topu və xeyli canlı qüvvəsi məhv edilib.
Ağdərə istiqamətində də gərginlik mövcuddur. Bu günVəngli və Araçadzor kəndləri yaxınlığında Ermənistan hərbi hava qüvvələrinə məxsus 2 vertolyot Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Təəssüf olsun ki, müharibədə qurbansız qələbə qazanmaq mümkün deyil. Döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 təyyarəsi vurulub. Döyüşlər davam edir.