Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhə boyu təşəbbüsü özündə saxlayaraq bütün istiqamətlər üzrə hücum əməliyyatlarını davam etdirirlər. Erməni birləşmələri bizdən strateji təşəbbüsü almaq məqsədilə əks-hücumlar aparmaq üçün qüvvə cəmləşdirirlər. Dünən axşam və gecə ermənilər Füzuli cəbhəsində Qızılqaya istiqamətinə həmlə ediblər. Bu cəhdin qarşısını almaqda əsas ağırlıq topçularımızın üzərinə düşüb.
 Laçın rayonunu erməni işğalçılarından təmizləmək məqsədilə Ordumuzun hissələri döyüş əməliyyatlarını genişləndirirlər. Düşmənin Haqnəzər kəndinə hücumu dəf edilib. Laçının cənubunda yerləşən Susuzdağ yüksəkliyi uğrunda döyüşlər şiddətlənib.
İşğal zonasının şimalında erməni birləşmələrinin müqavimətinə rast gələn Silahlı Qüvvələrimizin bölmələri düşmənə qarşı təzyiqi artırırlar. Yanvarın 16-da Vəngli istiqamətində ermənilərin 2 PDM-i döyüşçülərimiz tərəfindən ələ keçirilib. Bu gün Qarabağ səmasında Ermənistan hərbi hava qüvvələrinə məxsus 3 vertolyotu Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
Cəbhənin şimal-qərb hissəsində də gərginlik mövcuddur. Tovuzun Əlibəyli və Ağstafanın Köhnəqışlaq kəndləri istiqamətində döyüşçülərimiz ermənilərin bütün həmlələrini dəf edərək düşmənin 2 “Qrad” qurğusunu məhv ediblər. Döyüşlər davam edir.