Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 17-si və 18-də Azərbaycanın Ermənistanın ordusu tərəfindən işğal edilmiş torpaqlarında şiddətli döyüşlər davam edir. Erməni işğalçı ordusu bütün cəbhə boyu xeyli hərbi texnika və canlı qüvvə toplayaraq öz təcavüzkar niyyətlərindən əl çəkmir. Azərbaycan SQ-nin bölmələri bu çətin şəraitdə düşmənin atəş nöqtələrini susdurmaq və torpaqlarımızı işğalçılardan təmizləmək məqsədi ilə döyüş əməliyyatlarını genişləndirirlər.
Füzuli cəbhəsində vuruşan Azərbaycan Ordusu hissələri ağır döyüşlər apararaq strateji əhəmiyyətli Qızılqaya yüksəkliyini öz əllərində saxlayırlar. Yanvarın 18-nə keçən gecə erməni birləşmələrinin Qızılqaya yüksəkliyini almaq məqsədi ilə bir neçə hücum cəhdləri boşa çıxıb. Bu döyüşdə düşmənin 5 əsgəri məhv edilib.
İşğal zonasında qüvvələrinin tükəndiyini görən düşmən Ermənistandan Laçın yolu ilə hərbi sursat, silah və texnika gətirməyə çalışır. Yanvarın 18-nə keçən gecə topçularımız düşmənin 3 hərbi maşınını Laçın yolunda vuraraq ermənilərin cəhdini pozublar.
Ağdərə istiqamətində də ağır döyüşlər davam edir. Bu gün Azərbaycan Ordusu və Daxili Qoşun Bölmələrinin Xüsusi təyinatlı polis dəstələri ilə birgə döyüş əməliyyatı nəticəsində Kiçan və Sırxavənd kəndləri erməni işğalçılarından azad olunub.