Doğma torpaqlarımızı yağı düşməndən təmizləmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin apardığı hücum əməliyyatı uğurla davam edir. 4 gün ara verməyən amansız döyüşlərdən sonra qəhrəman döyüşçülərimiz düşmənin müqavimətini qıraraq erməni işğalçılarının möhkəmlənmiş dayaq məntəqələrinə çevirdikləri Sırxavənd və Kiçan kəndlərini azad ediblər. Burada erməni qoşunları 30 əsgər, 1 tank və 1 PDM itirmişlər. 2 PDM, 1 ağır top və sursat anbarı qənimət kimi ələ keçirilib. Yanvarın 19-na keçən gecə ön hissələrimiz Dovşanlı (Araçadzor) və Tsmaqaoq ətrafında yerləşən mühüm yüksəklikləri ələ keçirərək bu kəndləri nəzarət altında saxlayırlar. Erməni birləşmələri Ordumuzun sarsıdıcı zərbələrinə tab gətirməyərək mövqelərini atıb qaçırlar. Vəngli istiqamətində irəliləyən döyüşçülərimiz 50 erməni əsgərini məhv edərək meyidlərini qara səriblər. Araçadzor, Kiçan, Sırxavənd döyüşlərində 2 Ordu korpusunun 123 hissəsi və “Qurtuluş” batalyonu xüsusilə fərqləniblər. Vəngli istiqamətində gedən döyüşlərdə qeyd edilən korpusun ikinci ehtiyat batalyonunun komandiri Eyvaz Əliyev əsl qəhrəmanlıq nümunəsi göstərib döyüşçülərin sayca düşməndən az olmasına baxmayaraq batalyonun xeyli hissəsini xilas edərək özü qəhrəmanlıqla həlak olub.
Xaçınçay dərəsi üzərində nəzarət yaratmaq üçün Azərbaycan Milli Ordusu, daxili qoşunlar və xüsusi təyinatlı polis dəstələrinin birgə əməliyyatı bu gün Böyük və Kiçik Fərrux kəndlərinin azad edilməsi ilə nəticələnib. 11 strateji yüksəklik və ən vacibi Karitanqlux dağı döyüşçülərimiz tərəfindən ələ keçirilib. Ulubab istiqamətində olan düşmənin atəş nöqtələri topçularımızın sərrast atəşi ilə məhv edilmiş, düşmən xeyli canlı qüvvə və texnika itirmişdir. Xramort istiqamətindən başlanan əməliyyatda korpusun ehtiyat batalyonları və Daxili qoşun hissələrinin döyüşçüləri xüsusilə fərqləniblər. Ermənilərlə aparılan 5 illik müharibədə ilk dəfə olaraq yerli Qarabağ ermənilərinin müəyyən hissəsi ədalətsiz minaladıqları əraziləri döyüşçülərimizə göstərib onların zərərsizləşdirilməsində iştirak ediblər. Həmin istiqaməti ona görə demirik ki, özlərinin quduzlaşmış dəstələri onları cəzlandırmasın. Məğlubiyyətini görən ermənilər daha da azğınlaşaraq bu gün 5 saat ərzində Ağdam şəhərini fasiləsiz “Qrad” atəşinə tutublar. Təlafat və dağıntı var.
Erməni qoşunlarının digər cəbhələrdə təşəbbüsü ələ almaq üçün bütün addımları puça çıxır. Ötən gecə və bu gün ərzində Füzuli istiqamətində Qızılqaya yüksəkliyi və Laçın rayonunun Xanalar kəndini qaytarmaq məqsədilə etdiyi həmlələr mərd döyüşçülərimiz tərəfindən dəf olunub. Ermənilərin 1 tankı və 1 avtomaşını məhv edilib.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy bölgələri sərhədi boyu hakim yüksəkliklər uğrunda döyüşlər davam edir. Burada da əsgərlərimiz mərdliklə vuruşur, erməniləri geri oturdurlar. Gün ərzində 12 düşmən məhv edilib.
Ordumuzun uğurlu əməliyyatlarını həsrətlə gözləyən xalqımız qəhrəman döyüşçüləri ürəkdən alqışlayır, göstərdikləri igidliklə fəxr edir, onların ön cəbhədə daha da qətiyyətlə irəliləməsi üçün əllərindən gələni əsirgəmir. Ordumuz şəhidlərin qisasını almaq üçün və işğal olunmuş torpaqlarımızı azad etməkdən ötrü ağır döyüş şəraitində əsl igidlik və rəşadət göstərərək Qələbəmizə günbəgün yaxınlaşdırırlar.