Azərbaycan SQ-ri Vətənimizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda apardıqları uğurlu hücum əməliyyatlarını davam etdirirlər. Son günlər ərzində şanlı döyüşçülərimiz Sırxavənd, Kiçan, Araçadzor və Smakaoq kəndlərini işğalçılardan təmizləyiblər. Bu döyüşlərdə düşmənin şimal istiqamətində yerləşən bir neçə qoşun birləşmələri darmadağın edilib. Hazırda Ordumuzun bölmələri Vəngli kəndi istiqamətində döyüş əməliyyatları aparırlar. Böyük itkilər verən erməni qoşunları Xaçınçaya doğru geri çəkilirlər.
Erməni hərbi hissələrinin cəbhənin digər sahələrində təşəbbüsü ələ almaq üçün göstərdikləri bütün cəhdlər boşa çıxır. Füzuli, Cəbrayıl və Laçın rayonunun azad edilmiş kəndləri istiqamətində hücum edən düşmən döyüşçülərimizin müqavimətinə rast gələrək geri çəkilirlər.
Döyüş meydanında öz acizliyini duyan erməni tərəfi dövlətimizə və Ordumuza qarşı informasiya müharibəsini gücləndirir. Dünən erməni təbliğatı guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarənin vurulduğu haqda yalan məlumat yayıb. İşğalçı erməni ordusunun acizliyini sübut edən bir də odur ki, dünən Ağdam şəhəri və onun ətrafındakı kəndlər “Qrad” və “Kristal” tipli qurğulardan atəşə tutulub. Şəhərdə dağıntı, dinc sakinlər arasında isə ölən və yaralananlar var.