Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan SQ-ri Vətənimizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda apardıqları uğurlu hücum əməliyyatlarını davam etdirirlər. Son günlər ərzində şanlı döyüşçülərimiz Sırxavənd, Kiçan, Araçadzor və Smakaoq kəndlərini işğalçılardan təmizləyiblər. Bu döyüşlərdə düşmənin şimal istiqamətində yerləşən bir neçə qoşun birləşmələri darmadağın edilib. Hazırda Ordumuzun bölmələri Vəngli kəndi istiqamətində döyüş əməliyyatları aparırlar. Böyük itkilər verən erməni qoşunları Xaçınçaya doğru geri çəkilirlər.
Erməni hərbi hissələrinin cəbhənin digər sahələrində təşəbbüsü ələ almaq üçün göstərdikləri bütün cəhdlər boşa çıxır. Füzuli, Cəbrayıl və Laçın rayonunun azad edilmiş kəndləri istiqamətində hücum edən düşmən döyüşçülərimizin müqavimətinə rast gələrək geri çəkilirlər. Dünən Qızılqaya istiqamətində gedən döyüşlər zamanı erməni ordusunun 1 ZTR-i, 1 PDM-i və 10-a qədər əsgəri Füzuli cəbhəsində vuruşan döyüşçülərimiz tərəfindən məhv edilib. Cəbrayıl istiqamətində yerləşən Şişdağ yüksəkliyi yaxınlığında da düşmənin 3 əsgəri öldürülüb.
Döyüş meydanında öz acizliyini duyan erməni tərəfi dövlətimizə və Ordumuza qarşı informasiya müharibəsini gücləndirir. Dünən erməni təbliğatı guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarənin vurulduğu haqda yalan məlumat yayıb. Bu iftira ilə düşmən Ordumuzun Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən onun hərbi hava qüvvələrinə endirilən ağır zərbələrinin təsirini azaltmaq istəyir. Əslində isə, bu gün Kəlbəcər rayonunun ərazisi üzərində ermənilərin daha 3 vertolyotu məhv edilib.  İşğalçı erməni ordusunun acizliyini sübut edən bir də odur ki, dünən Ağdam şəhəri və onun ətrafındakı kəndlər “Qrad” və “Kristal” tipli qurğulardan atəşə tutulub. Şəhərdə dağıntı, dinc sakinlər arasında isə ölən və yaralananlar var. Azğın düşmən bu gün yenə də Ağdam şəhərini Qarakənd istiqamətindən top atəşinə tutub.