Dünən bütün cəbhə boyu gərgin döyüşlər davam etsə də, əməliyyat şəraitində əhəmiyyətli dəyişiklik baş verməyib. Xaçınçay istiqamətində irəliləyən döyüşçülərimiz düşmənin müqavimətini qırmaqda davam edirlər. Vəngli istiqamətində hücumda iştirak edən və böyük şücaətlər göstərən Tərtər batalyonunun döyüşçüləri dünən, yanvarın 20-də düşmənin 2 PDM-ni,1 topunu, ZİL-130 markalı 2 avtomaşınını və hərbi sursat anbarını ələ keçiriblər.
Laçın rayonunun cənubunda da şiddətli döyüşlər gedir. Strateji əhəmiyyətli Susuzdağ yüksəkliyi əldən-ələ keçir. Dünən bu istiqamətdə gedən döyüşlərdə düşmənin 25-ə qədər əsgəri məhv edilib.
Füzuli cəbhəsində də vəziyyət gərgin olaraq qalır. Dünən Qızılqaya istiqamətindəki mövqelərimiz bütün gün ərzində tanklardan və PDM-lərdən atəşə tutulub. Topçularımız cavab atəşilə düşmənin 1 tankını sıradan çıxarıblar. Ötən gecə Füzuli şəhəri Düdükçü kəndi tərəfdən tanklardan, Horadiz kəndi isə Hadrut istiqamətindən “QRAD” qurğularından atəşə məruz qalıb. Bunun nəticəsində dağıntı və yaralananlar var. Bu gün ermənilər zirehli texnikanın köməyi ilə Qızılqaya istiqamətində hücuma keçmək üçün yeni bir cəhd göstəriblər. Topçularımızın sərrast atəşinə rast gələn düşmən ağır itkilər verərək geri çəlilib. Bu döyüşdə düşmənin bir neçə möhkəmləndirilmiş səngəri dağıdılıb, 1 “QRAD” qurğusu isə məhv edilib. Düdükçü kəndi istiqamətində isə Ermənistan ordusuna məxsus hərbi sursatla dolu 1 yük maşını məhv edilib.
Bu gün, yanvarın 21-də Zəngilan rayonunun Şayıflı kəndi yaxınlığındakı mövqelərimiz işğal olunuş Seyidlər kəndi tərəfdən tanklardan atəşə tutulub.