Çətin hava şəraitinə baxmayaraq Azərbaycan Silahlı Qüvvələri respublikamızın erməni ordusu tərəfindən işğal olunmuş ərazisinin təmizlənməsi uğrunda döyüş əməliyyatlarını davam etdirir. Azadlıq müharibəsinin bütün nöqtələrində döyüş gedir. İgid döyüşçülərimiz düşmənə torpaqlarımızda rahat nəfəs almağa imkan vermirlər.
Ordumuzun aktivliyini görən erməni işğalçıları, üstünlüyü ələ almağa cəhd göstərirlər. Son günlər ermənilərin Füzuli istiqamətində yerləşən Qızılqaya yüksəkliyindəki mövqelərimizə ardı-arası kəsilmədən hücum etməsinə baxmayaraq döyüşçülərimiz mətinliklə düşməni geri oturdurlar. Bu gün topçularımızın sərrast atəşi ilə ermənilərin növbəti hücumu dəf olunmuş, düşmənin xeyli canlı qüvvəsi məhv edilib.
Laçın rayonunun şimalındakı Hocaz dağı qarşısındakı erməni postları ordumuzun hissələri tərəfindən atəşə tutulub və 3 düşmən əsgəri öldürülüb.
Dünən axşam Qazax rayonunun Kəmərli və Tovuz rayonunun Ağdam kəndləri, bu gün isə Tovuz rayonunun Haçalı kəndi Ermənistan ərazisindən atəşə tutulmuşdur. Zərər çəkən olmamışdır.