Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir. Topçularımız irəliləyən qoşunlarımıza dəstək verməkdən ötrü Ermənistan ordusunun mövqelərini müxtəlif istiqamətlərdə atəş altında saxlayırlar. Belə ki, ötən gecə düşmənin Qızılqaya səmtində hərbi texnika cəmləşməsinə atəş açan artilleriyamız ermənilərin yanacaq bazasını darmadağın etmişlər. Nəticədə erməni mövqelərində böyük yanğın baş vermişdir.
Qoşunlarımıza döyüş meydanlarında layiqli müqavimət göstərə bilməyən düşmən yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan atəşə tutmaqda davam edir. Dünən axşam yenidən Gədəbəy rayonunun Novoivanovka və Tovuz rayonunun Hacıalılar kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur. Bu gün isə Zəngilanın Kolluqışlaq, Füzulinin Arış, Ağstafanın Köhnəqışlaq və Qazaxın Məzəm kəndləri erməni atəşinə məruz qalıb. Düşmən susdurulub, hazırda vəziyyət sabitdir.
Bu gün səhər sübhdən ərazimizə qəsd edən növbəti erməni vertolyotu Respublikamızın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən göydə vurulub. Ermənistan və Rusiya informasiya xidmətlərinin Azərbaycan təyyarəsinin vurulduğu haqda yaydığı xəbərlər isə əsassızdır və uydurma xarakteri daşıyır.