Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı erməni işğalçılarından təmizləməkdən ötrü döyüş əməliyyatlarını davam etdirirlər. Bu döyüşlərdə işğal edilmiş ərazimizin xeyli hissəsini düşmənlərdən azad edən Tərtər briqadasının döyüşçüləri xüsusi fədakarlıq göstərirlər. Onlar keçmiş Ağdərə rayonunun işğal altında qalan bir neçə kəndini də azad etməkdən ötrü hücum əməliyyatlarını davam etdirirlər.
Ermənistan ordusunun hissələri bütün cəbhə boyu qızğın müqavimət göstərirlər. Bu özünü xüsusilə Füzuli cəbhəsində göstərir. Ötən gecə düşmənin piyadalardan ibarət bölməsi Aşağı Veysəlli istiqamətində hücuma keçmək üçün cəhd edib. Döyüşçülərimiz düşmənin bu cəhdinin qarşısını alaraq onu geri çəkilməyə vadar ediblər. Edilli kəndi yaxınlığında düşmənin 1 “KAMAZ” avtomaşını məhv edilib. Dünən düşmən Çuvarlı kəndini atəşə məruz qoyub.